“Hələlik itkin şəxslər tapılmayıblar, lakin axtarışlar davam edir. Hər ikisi kənd sakini və gəncdir. Birinin 10 gün əvvəl toyu olub, digərinin də körpəsi 3 gündür dünyaya gəlib”.
Bu sözləri “Yeni Sabah”a Astara rayon Şahağac kənd sakini Elçin Əsadullayev deyib.
Onun sözlərinə görə, itkin düşən şəxslər kənd sakinləri, iddia olunduğu kimi, qohum deyillər:
“İtkin düşən şəxslər kənd sakinləri 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlu və 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğludur. Dənizə balıq üçün çıxıblar. Kəndə də çox adam yaşamır. Hamı çıxıb gedib. Şahağac kəndinin əsas dolanışıq yeri də balıqçılıqdır. Gənclərin hər ikisi də qanuni olaraq bu işlə məşğul olurdular.
Belə hadisənin baş verməsini istəməzdik. Həsrətlə tapılmaqlarını gözləyirik”.
Qeyd edək ki, dekabrın 10-u səhər saatlarında Xəzər dənizində 2 balıqçı itkin düşüb. Onlar Astara rayonunun Şahağac kəndindən balıq tutmaq üçün dənizə çıxıb və geri qayıtmayıblar. Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.
Aydan Hacı
Telegram kanalımız