Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənənlər 2014-cü il təvəllüdlü V.İsmayılov, 2014-cü il təvəllüdlü S.Tağıyeva, 2015-ci il təvəllüdlü Ə.Zeynalov, 2015-ci il təvəllüdlü N.Məmmədova, 2015-ci il təvəllüdlü A.Məmmədzadə, 2015-ci il təvəllüdlü A.Cəfərzadə, 2015-ci il təvəllüdlü H.Hüseynli və 2015-ci il təvəllüdlü X.Mirzəyevdir. Zəhərlənənlərin hamısı Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləridir. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bu hadisə ölkədə dönər istehsalı və qida təhlükəsizliyi məsələlərinə dair narahatlıqları yenidən gündəmə gətirib. Cəmiyyətdə belə bir sual yaranır:
Azərbaycanda dönər istehsalı sahəsinə nəzarət necə qurulub və bu sahədə əsas problem nədir?
Qida eksperti və hüquqşünasların fikirləri mövzunun kökünə enməyə imkan verir.

Qida eksperti Ağa Salamov məsələ ilə bağlı NOCOMMENT.az-a bildirib ki, dönər ən riskli hazır qida növlərindən biridir və bu sahədə ən böyük problem ətin mənşəyi və saxlanma şəraitinə nəzarətdədir:
“Bir çox dönər satışı ilə məşğul olan obyektlər ən ucuz və bəzən mənşəyi şübhəli ət tədarükçülərindən məhsul alır. Bu da keyfiyyətsiz ət, düzgün saxlanmama, gigiyenik standartlara əməl edilməməsi kimi problemlərə yol açır. Türkiyədə tətbiq olunan model — yəni dönərin sertifikatlı fabriklərdə hazırlanıb hazır blok şəklində obyektlərə göndərilməsi həm məsuliyyəti şirkətin üzərinə qoyur, həm də keyfiyyəti təmin edir. O hesab edir ki, belə bir sistem Azərbaycanda da tətbiq olunsa, zəhərlənmələrin qarşısını ciddi şəkildə almaq mümkün olar. Lakin hazırda ölkəmizdə bu cür model yoxdur və bu işlə məşğul olan sahibkarlar məhsulu istədikləri yerdən alırlar. Çox təssüf hiss ilə qeyd edirəm ki, bu cür ətlərin nə dərəcədə sağlam olunması da çox zaman dərindən yoxlanılmır”.

Azad İstehlakçılar Birliyinin sədri, hüquqşünas Eyyub Hüseynov NOCOMMENT.az-a açıqlamasında qeyd edib ki, qanunvericilik bu məsələləri kifayət qədər sərt şəkildə tənzimləyir. Qanuna əsasən, ictimai iaşə obyektlərində istifadə olunan ətin mənşəyi sənədlə təsdiq olunmalı, məhsulun saxlanma şəraiti normativlərə uyğun olmalıdır:
“Qaydalara əməl edilmədikdə inzibati cərimələr, obyektin fəaliyyətinin dayandırılması, zərərçəkənlərin sağlamlığına ciddi ziyan vurulduqda isə cinayət məsuliyyəti tətbiq edilə bilər. Lakin əsas problem nəzarət mexanizmlərinin tam işləməməsi və preventiv yoxlamaların azlığıdır. Bir çox hallarda yoxlamalar zəhərlənmə baş verəndən sonra aparılır ki, bu da köklü həll yolu deyil”.
Hüseynovun sözlərinə görə, nəzarət orqanları bəzi hallarda yalnız cərimə yazmağa yönəlirlər və maarifləndirmə, profilaktik yanaşma zəifdir:
“Bu səbəbdən də həm istehsal, həm tədarük, həm də satış mərhələsində standartların pozulması halları davam edir. Azərbaycanda dönər istehsalı üçün vahid standartlaşdırılmış sistemə keçid qaçılmazdır. Ət yalnız sertifikatlı mənbədən alınmalı, dönər istehsalı üçün xüsusi icazə mexanizmi tətbiq olunmalı, obyektlərdə işləyən personal gigiyena və qida təhlükəsizliyi üzrə mütləq təlim keçməlidir. Qida Təhlükəsizliyi Agentliyinin preventiv yoxlamaları gücləndirməsi və obyektlər üçün risk əsaslı monitorinq sisteminin tətbiqi də vacib hesab olunur”.
Bir sözlə, Gəncədə baş verən zəhərlənmə hadisəsi bir daha göstərdi ki, problem təkcə bir iaşə obyektinin məsuliyyətsizliyindən qaynaqlanmır — məsələ sistemli yanaşma tələb edir. Həm istehsal mərhələsində şəffaflıq, həm də satılan qidaların mənşəyinə dövlət nəzarəti gücləndirilsə, bu kimi halların sayı minimuma endirilə bilər.