AZ

ABŞ-dən 2,5 milyon nəfər qovulub - Daxili Təhlükəsizlik Departamenti

2025-ci ilin əvvəlindən ABŞ 2,5 milyon xarici vətəndaşı deportasiya edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti məlumat yayıb.

Onlardan 1,9 milyonu özünü deportasiya proqramı çərçivəsində könüllü olaraq ölkəni tərk edib, 600 mini isə qeyri-ixtiyari ölkədən çıxarılıb.

"365 gündən az müddətdə 600 min sənədsiz immiqrant ölkəmizdən deportasiya edilib. Özünü deportasiya edən 1,9 milyon şəxslə birlikdə [ABŞ-ı tərk edən] sənədsiz immiqrantların ümumi sayı 2,5 milyonu ötüb", - departamentin açıqlamasında deyilir.

DHS əlavə etdi ki, bu sayda deportasiya "yalnız başlanğıcdır".

Oktyabrın əvvəlində daxili təhlükəsizlik nazirinin köməkçisi Trisia Maklaflin bildirmişdi ki, ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən bəri hüquq-mühafizə orqanları 500 mindən çox sənədsiz immiqrantı saxlayıb və ölkədən çıxarıb, daha 1,6 milyon nəfər isə könüllü olaraq ölkəni tərk edib. Maklaflin ABŞ-ın müvafiq qurumlarının deportasiyaların sürətini artırmaq niyyətində olduğunu vurğulayıb.

Donald Tramp dəfələrlə bəyan edib ki, o, vəzifəyə başlamazdan əvvəl təxminən 25 milyon insan ölkəyə qanunsuz daxil olub. Amerika lideri dəfələrlə daha sərt immiqrasiya siyasətinin tərəfdarı olub. İnauqurasiyadan sonra o, ABŞ-Meksika sərhəddində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb. Tramp ABŞ tarixində qeyri-qanuni mühacirlərin ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu qeyd edib.


Telegram kanalımız
Seçilən
10
3
yenisabah.az

4Mənbələr