ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çərşənbə günü ABŞ Sahil Mühafizəsi hərbçiləri, dəniz piyadalarının dəstəyi ilə Venesuela sahilləri yaxınlığında Nigeriya şirkətinə məxsus “The Skipper” neft tankerini saxlayıb. Həmin şirkətin isə Ukrayna vətəndaşı olduğu bildirilən, bir neçə tankerin sahibi Viktor Artemovla əlaqəli olduğu qeyd olunur.
ABŞ-nin ədliyyə naziri Pəm Bendi açıqlamasında tankerin “sanksiyalara məruz qalmış Venesuela və İran neftinin daşınmasında istifadə edildiyi” üçün ələ keçirildiyini bildirib. Onun sözlərinə görə, əməliyyat məhkəmə orderi əsasında həyata keçirilib.
Məlumata görə, Sahil Mühafizəsinin hərbçiləri tankerin Venesuela limanını tərk etməsindən qısa müddət sonra, “Gerald Ford” aviadaşıyıcısına yerləşdirilmiş helikopterdən enərək gəminin göyərtəsinə daxil olublar. Bu aviadaşıyıcı artıq bir aydan çoxdur ki, digər ABŞ hərbi gəmiləri ilə birlikdə Karib hövzəsində xidmət aparır.
“The Skipper” ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalan tankerlər siyahısındadır. Qurum iddia edir ki, gəmi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Tehranın dəstəklədiyi “Hizbullah” qruplaşmasını maliyyələşdirən qanunsuz neft daşımalarında iştirak edib.
Bu tanker istifadəyə verildiyi dövrdə dünyanın ən böyük neft gəmilərindən biri sayılırdı. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, gəmi 2022-ci ildə “Adisa” adı ilə BƏƏ-də fəaliyyət göstərən və Viktor Artemovun nəzarətində olan şirkətə məxsus olub.
ABŞ Prezidenti Donald Tramp əməliyyat barədə ilk məlumat yayan şəxs olub. O bildirib ki, tankerdəki neftin ABŞ tərəfindən müsadirə olunacağı ehtimal edilir.
Vaşinqtonun rəsmi izahına görə, Karib dənizində yerləşdirilmiş böyük hərbi-dəniz qüvvələrinin əsas məqsədi Latın Amerikasındakı narkokartellərin ABŞ-yə dəniz yolu ilə narkotik daşımalarının qarşısını almaqdır. Lakin Tramp administrasiyası Venesuela ərazisində müəyyən hədəflərə hava zərbələrinin də istisna edilmədiyini açıqlayıb.
Karakas isə ABŞ-ni ölkəyə qarşı mümkün müdaxilə hazırlamaqda ittiham edir və bildirib ki, ABŞ hərbi fəallığı “işğal planının tərkib hissəsi” kimi görünür.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.