Seyran Səxavət Füzuli dərdi İlə yoğrulmuş sözün səxavətidir
Nağıllarımızın yaddaşından süzülüb gəlmiş, sözün sirlərini dilinin ucunda gəzdirən, bu zəmanənin özünəməxsus sənətkarı Seyran Səxavət, hələ ədəbiyyata gəlişinin ilk günlərindən alın yazısının hökmü ilə tanındı. Sözün səxavətli övladı, qəlbi Füzulinin dərdi ilə yoğrulmuş böyük sənətkar Seyran Səxavət, bu dünyaya gəlişində atası Əsgər Xanlarovun adını qəlbində saxlasa da, tale onu görkəmli alim Qasım Qasımzadənin müdrik xeyir-duası ilə Seyran Səxavət olaraq tanıtdı. O, hələ 1962-ci ildən ədəbiyyata şeirləri ilə qədəm qoyub, sonra isə "Hamı elə bilirdi ki...", "Dar köynək", "Daş evlər", "Qızıl teşt", "Nekroloq", "Yəhudi əlifbası" kimi nəsr əsərləri ilə öz töhfəsini verir, hər bir əsəri bir hadisəyə çevrilir, sanki hər cümləsi bu torpağın nəfəsini daşıyır.
Bəli, bəziləri onun dəyərini vaxtında ala bilməmiş sənətkarlardan olduğunu düşünür. Lakin onun sözündəki dərinlik, o dərinlikdəki fəlsəfə zamanın süzgəcindən keçərək hər zaman anlaşılır. Nəsrə keçməzdən əvvəl gəncliyin sevimli şairi kimi qəbul edilsə də, onun poeziyasındakı bədii-fəlsəfi yük və intellektual dərinlik onu dövrünün ən orijinal səslərindən birinə çevirir. Yazıçılar Birliyinin katibi Rəşad Məcid vurğulayır ki, gənclər təmiz Azərbaycan dilində yazmaq istəyirsə, Seyran Səxavəti oxusunlar, bu, təkcə dilə yox, həm də onun Qarabağ camaatının şirin danışığını ədəbiyyata gətirmək məharətinə verilən ən böyük qiymətdir. Xalq şairi Ramiz Rövşən isə zarafatla deyir ki, "Şairlərin xoşbəxtliyindən, nasirlərin bədbəxtliyindən Seyran Səxavət şeirdən nəsrə keçdi", bu da onun poeziyasının nə qədər güclü olduğunun etirafıdır.
Şairin 18 yaşında yazdığı "Səxavətli baharım" şeiri sadəcə bir bahariyyə yox, onun bütün yaradıcılığının poetik kodu və ya bədii idrak qalasının açarı kimi dəyərləndirilir. Yazıçı Vaqif Bəhmənlinin dediyi kimi, Seyran Səxavətin şeirləri insanda elə dərin iz buraxır ki, sanki bədəndə "nakolka" (döymə) kimi qalıb pozulmur.
Seyran Səxavətin şeirlərindəki bədii forma zənginliyi və əlvanlığı onu fərqləndirir. O, istənilən vəzndə yazsa da, poeziyasında həmişə həyat, təbiətin və insanın mənəvi aləminin şeiriyyəti, dərin zəka və fikir ön planda olur. Şair-tərcüməçi Kamran Nəzirli qeyd edir ki, şeirdə yenilik təkcə sərbəst şeir yazmaqla deyil, həm də Seyran Səxavətin örnəyində olduğu kimi, vəznli-qafiyəli şeirlə dövrün müasir problemlərini və ən incə duyğularını poetik formada ortaya qoymaqla mümkündür.
Bu mənada Seyran Səxavətin poeziyası lirik duyğuların ən uca zirvəsidir. Onun "Adalar" və "Mənim planetim" kitablarında yer alan şeirlər saf eşqin, tənhalığın və daxili mübarizənin poetik aynasıdır. O, məhəbbətin təkrarsızlığını belə ifadə edir, sanki eşqin təkrarı yoxdur: "İnsanlar bir dəfə doğulduğundan, Elə bir dəfə də sevə bilərmiş..." Bu, sevginin təkrarsız və əbədi bir hadisə olduğu fikrinin poetik ifadəsidir. Onun üçün sevdiyi varlıq öz canından, ürəyindən belə əzizdir, bu eşqin fədakarlığını göstərir: "Sıxma ürəyimi, ürək cəhənnəm, Axı sən ordasan, sən sıxılarsan..." Tənhalığını isə o, dünyanın fərqli dillərini öyrənməyə hazır olmaqla, öz həqiqət dilini tapa bilmədiyini söyləyir: "Burda tənhalıqdan lap iyrənmişəm, Gedib yetmiş iki dil öyrənmişəm, Hələ tapmamışam dilini sənin..." Tərcüməçi Kamran Nəzirli qeyd edir ki, şairin bu cür misralarını tərcümə etmək belə, hər iki dilin və mədəniyyətin ruhunu dərindən bilməyi tələb edir.
Nəsrə gəldikdə isə, Seyran Səxavət xalqın ruhunu qəhrəmanlarının dilinə köçürür. Rəşad Məcid böyük həyəcanla danışır ki, onun əsərlərinin qəhrəmanları - poçtalyon Qədir, yaxud "Qaçhaqaç"dakı Yusif Səmədoğlu və Zakir Fəxri kimi simalar - bizim tanıdığımız, həyatda gördüyümüz insanlardır.
Onun nəsrinin dərinliyini anlamaq üçün "Kişi salonu" hekayəsindəki dil-ədəbiyyat müəllimi Səlimin faciəvi obrazını xatırlamaq lazımdır. Səlimin gecələr dəlləkxanaların lövhələrini çəkiclə sındırması, polisin belə izinə düşə bilmədiyi tənha bir etirazdır. Bu, sadəcə bir vandalizm deyil, işğalla barışmayan, kütləvi riyakarlığa dözə bilməyən bir vicdanın qışqırığıdır: "Qarabağsız kişi olmaz!!!" Bu etiraz həm də Səlimin daxili yarasını, müəllimə hörmətin, "şəxsiyyət" anlayışının ucuzlaşmasına qarşı çıxan bir ziyalının dərdini daşıyır. Onun dərdini heç kimə açmaması, Kamran Nəzirlinin qeyd etdiyi kimi, iç yarasını gizlətməsi, sənətkarın cəmiyyət içindəki tənhalığının ən kədərli ifadəsidir.
Seyran Səxavət Azərbaycanın ədəbi mühitində özünəməxsus yer tutmaqla yanaşı, Nüsrət Kəsəmənli, aktyor Fuad Poladov və yazıçı Yusif Səmədoğlu kimi görkəmli sənətkarlarla sarsılmaz dostluq əlaqələri ilə də seçilir. Fuad Poladov onu ən ağır anlarında mənəvi güc aldığı bir ziyalı olduğunu daim vurğulayırdı. Kinorejissor Tahir Əliyev isə Seyran Səxavətin mahiyyət etibarilə böyük yazıçı olduğunu vurğulayır, onun "Karusel" hekayəsinin ssenariyə çevrilməsi planlarının, hətta bu mövzunun dünya şöhrətli rejissor Kşiştof Zanussi ilə müzakirə olunduğunu xatırladır. Bu, Seyran Səxavət nəsrinin hələ də güclü vizual və dramaturji dəyərə malik olduğunu göstərir.
Yazıçı-tərcüməçi Kamran Nəzirli isə sənətkarı təkcə yazıçı kimi yox, həm də dil mütəxəssisi kimi təhlil edir. O, Seyran Səxavətin xalq dilini zənginləşdirərək, ona əlavə "sərvət" gətirməsini və poetik, şairanə roman dili yaratmasını onun ən böyük novatorluğu sayır. Kamran Nəzirli onu bir şəxsiyyət kimi də sevir, çünki Seyran Səxavət qürur, məğrurluq və sərtliklə yanaşı, mülayimliyi, həlimliyi cəmləşdirərək, özündə nadir bir harmoniya yaratmağı bacarır.
Bəli, biz bu böyük sənətkarın yaradıcılığının yalnız bir hissəsini işıqlandıra bilirik, amma verdiyi ədəbi səxavət o qədər böyükdür ki, onun haqqında nə qədər danışılsa da, hələ deyilməyən, hələ kəşf edilməmiş sirləri qalır. Seyran Səxavət – sözün həqiqətini, xalqın dərdi və dilini öz qələmində birləşdirən, hal-hazırda yaşayan və yaradan bir ədəbi möcüzədir.
Seyran Səxavət ədəbiyyata gətirdiyi dil şirinliyi, xalq dilinin incəlikləri, dərin fəlsəfəsi və sosial problemlərə həssas yanaşması ilə Azərbaycan sənətində özünəməxsus iz buraxmışdır. Onun yaradıcılığı gələcək nəsillər üçün də saflıq, həqiqət və vətənpərvərlik dərsi olaraq qalacaqdır.
Nəhayət, unutmaq olmaz ki, 2026-cı ildə böyük sənətkarın 80 yaşı tamam olur. Ümidvaram ki, gec də olsa, bu yubiley yaşında əsrimizin nəhəng ədəbi möcüzəsi olan dəyərli dostum Seyran Səxavət dövlətimiz tərəfindən ən yüksək təltif və mükafatlara layiq görüləcək, beləliklə də, öz həqiqi qiymətini alacaqdır.
Şəmsi Qoca