AZ

“Milli kimliyimizi yaşadan ana dilinə daha çox sahib çıxmalıyıq” - QHT sədri

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru, təhsil eksperti Şahin Rəcəbov QHT.az-a açıqlamasında ana dilinin milli kimliyin və dövlətçiliyin əsas dayağı olduğunu bildirib.

Onun sözlərinə görə, hər bir xalqın davamlılığı məhz milli-mənəvi dəyərləri və dilinin yaşadılması ilə ölçülür. Şahin Rəcəbov qeyd edib ki, Azərbaycan dili milli kimliyin, milli şüurun, milli düşüncə tərzinin və milli yaddaşın daşıyıcısıdır:

"Bu dilin saflığını hər bir vətəndaşımız, hər bir cəmiyyət üzvü qorumaga çalışmalıdır. Müxtəlif tarixi dövrlərdə dilimizə yad təsirlərin nəticəsində istər yaşlı məmur təbəqəsi, istərsə də, gənc nəslin ünsiyyətində ana dilimizdə səlis danışmaq,  sözlərimizin saflığını qorumaq gözlənilməmiş, müxtəlif dillərdən yad sözlər ünsiyyətimizə transfer olmuşdur. Xarici dillərə olan tələbat artdıqca, öncə rus dili idisə, indi isə ingilis dilinə meyllilik artıq dəb yarışına çevrilmişdir. Reklam haqqında qanuna zidd olaraq adi məişətdə, ictimai iaişə müəssisələrində belə müxtəlif adlar xarici dillərdə yazılır, "marketlər, supermarketlər" və s. adlarla yanaşı, müxtəlif istiqamətli ticarət mərkəzləri belə xarici adlarla adlandırılaraq, diqqət cəlb etməyə köklənmişdir". 

QHT sədri təəssüflə bildirib ki, məktəblilərimiz də bu ənənələrdən yan keçmir və məktəb həyatında şagirdlərin ünsiyyəti zamanı həm yad dillərdən, həm də yad sözlərdən istifadə olunur. Onun sözlərinə görə, özəl şirkətlərin, media və sosial şəbəkələrin bu sahədə təbliğatının rolu və məsuliyyəti də az deyil:

"Əlbəttə ki, ana dilimizin qorunması dövlətimiz üçün mühüm sahə olsa da, bunu nəzəri konseptual əsaslarla, məqsədyönlü şəkildə, davamlı təbliğat siyasəti ilə həyata keçirmək lazımdır. Dil təhsil və bilik qazanma vasitəsi oldugu üçün burada ilk növbədə dərsliklərin hazırlanmasında da ana dilimizin saflığının qorunmasına ciddi fikir verilməlidir. Kiçik yaşlılar üçün adi nağıllardan başlamış yuxarı sinif şagirdlərinin ədəbiyyatla maraqlanmasınadək Azərbaycan dilinin istifadəsinə diqqət yetirilməlidir".

Ardı var... 

 

 

Pərvanə Fərhadqızı

Seçilən
57
qht.az

1Mənbələr