AZ

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR: Bank faizləri belə olacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 6,75 %-ə endirib. Bununla yanaşı, faiz dəhlizinin aşağı həddi 6 %-dən 5,75 %-ə, yuxarı həddi isə 8 %-dən 7,75 %-ə salınıb. Qərar 2025-ci ildə kredit faizlərinin azalıb-azalmayacağı ilə bağlı sualları yenidən gündəmə gətirib.

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, AMB-nin qərarının bir neçə əsas səbəbi var:

“İl ərzində vətəndaşlar banklardan təxminən 400 milyon dollara qədər daha çox valyuta alıblar və bu, bazarda sabitlik yaradıb. Eyni zamanda Mərkəzi Bankın valyuta ehtiyatları artıb, bank depozitlərində dolların payı isə 2 faizdən bir qədər çox azalıb. Bu ilin 9 ayında Azərbaycan təqribən 3 milyard dollar daha çox ixrac edib. Bu göstərici cari əməliyyatlar balansının gözləntilərə uyğun formalaşmasına səbəb olub və uçot dərəcəsinin endirilməsi üçün əlavə əsas yaradıb”.

Kərimli qeyd edir ki, gələn il inflyasiya bu ildən daha az proqnozlaşdırılır və bu da faiz endirimi üçün imkan yaradır.

“Dolların faiz dərəcəsi aşağı düşüb. Manat dollara bağlı olduğuna görə, dollar və manat faizləri arasında müəyyən məsafə qorunmalıdır. ABŞ-da faiz endikcə, AMB-nin də uçot dərəcəsini azaltmaq imkanı yaranır,” – ekspert vurğulayıb.

Lakin iqtisadçı hesab edir ki, uçot dərəcəsinin enməsi yaxın zamanda kredit faizlərinə ciddi təsir göstərməyəcək:

“Bizdə Mərkəzi Bankın qərarı ilə kommersiya banklarının kredit faizləri arasında bağlılıq zəifdir. Kredit faizləri yalnız o zaman azalır ki, depozit faizləri aşağı düşsün. Depozit faizləri isə pul tələbatı azalandə enir. Hazırda AMB hələ də sərt pul-kredit siyasəti aparır. Buna görə də kredit faizlərinin dərhal aşağı düşəcəyini gözləmək düzgün olmaz,” – Xalid Kərimli bildirib.

Ekspertin fikrincə, hazırkı şəraitdə Azərbaycan üçün normal faiz diapazonu bank sektorundakı likvidlikdən və depozit bazarındakı vəziyyətdən asılı olaraq formalaşır. Lakin indiki mərhələdə kommersiya kreditləri üzrə faizlərin kəskin azalması gözlənilmir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
11
1
konkret.az

2Mənbələr