AZ

Ulu Öndər Heydər Əliyev İrsinin Zəfərə Aparan Yolu



Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyevi hər zaman böyük ehtiramla yad edir, Ulu Öndərin əziz xatirəsini daim uca tutur. 22 ildir ki, cismən aramızda olmasa da Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dönə-dönə vurğulayıb ki, xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır: «Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır».
"Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub" deyən Heydər Əliyev istər Sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya ölkələri sırasında layiqli yerə çıxarıb.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Dahi şəxsiyyətin bu günümüz və gələcəyimiz üçün səsləndirdiyi fikirlərə, tezislərə diqqət yetirdikdə onun torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu görürük. Ulu Öndərin suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyinə, sarsılmaz həmrəyliyə çağırışlar etməsi də bu sevgisindən qaynaqlanırdı. O, müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən bildirirdi ki, onun beynəlxalq aləmdə özünü təsdiqləməsi üçün xarici əlaqələrimizi gücləndirməyə böyük ehtiyac var. Bu fakt da inkaredilməzdir ki, Azərbaycanın müstəqilliyinin yenidən bərpasının ilk illərində informasiya blokadasında olmasının əsas səbəbi ölkəmiz haqqında məlumatsızlıq idi. Erməni yalanları Azərbaycan haqqında məlumatsızlıq fonunda ayaq tutub yeriyir, ermənilər xislətlərinə, yalan təbliğatlarına uyğun olaraq özlərini beynəlxalq ictimaiyyətə “əzilən, döyülən, məzlum” xalq, millət kimi qəbul etdirməyə çalışırdılar. Torpaqları işğal edilən, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda əksər dünya gücləri Ermənistanı işğala məruz qalan, Azərbaycanı isə işğalçı tərəf kimi qəbul edirdilər. 1992-ci ildə erməni diasporunun təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən ölkəmizə qarşı “Azadlığı Müdafiə Aktına” ədalətsiz 907-ci düzəlişin əlavə edilməsi də bunun bariz nümunəsi idi. Ermənilərin və erməni lobbisinin məqsədi bu qərarın qəbulu ilə Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək və asılı vəziyyətə salmaq idi. Amma hadisələrin təhlili də göstərdi ki, Azərbaycan 10 ilə yaxın bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşasa da nəinki iqtisadi cəhətdən zəifləmədi, əksinə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində daha qüdrətli, zəngin dövlətə çevrildi. Bu proseslər, eyni zamanda, hər bir ölkənin həyatında Lider amilinin roluna işıq salır. Bu ədalətsiz qərarın hansı dövlətlərə tətbiq edildiyi məlumdur. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk gündən əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli Liderin elə bir xarici ölkəyə səfəri yox idi ki, bu gün artıq tarixə qovuşan “Dağlıq Qarabağ” münqişəsindən bəhs olunmasın, erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmasın. Diplomatik uğurlarımızın nəticəsində dünya siyasətində dəyişikliklər baş verməyə başladı.
Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunması üçün bütün imkanları səfərbər etmişdir. Onun ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olmuşdur. Ölkədə cənab İlham Əliyev tərəfindən aparılan islahatlar və quruculuq işləri, xüsusilə də son 22 ildə həyata keçirilən güclü dövlət, güclü ordu strategiyası, çox vektorlu siyasi münasibətlər, regional və beynəlxalq əhəmiyyətli layihələr torpaqlarımızın işğaldan azad olmasının səbəbidir.
Bəli, bu gün keçmiş Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpasına nail oldu. Böyük Öndər Heydər Əliyev demişdir: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm».
Ümummilli Lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin dediyi kimi: «Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!»
Bəli, ruhun şad olsun Ulu Öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, yenilməz Prezidenti İlham Əliyev “dəmir yumruq” siyasətinin nəticəstndə «Dağlıq Qarabağ» problemi yoxdur!. Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: «Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!».
Ona görə də Ulu Öndərin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək yeganə Lider cənab Prezident İlham Əliyevdir. Bütün bunlar isə Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev zəkasının və Heydər Əliyev nurunun bizə tərəf saçılan əbədi şölələridir!

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Seçilən
61
50
aia.az

10Mənbələr