Bakı, 11 dekabr, AZƏRTAC
Avropa İttifaqına daxil olan ölkələrlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən hesab olunur. Bu gün Azərbaycanın Avropa İttifaqına daxil olan ölkələrin, demək olar ki, hamısı ilə münasibətləri yüksək səviyyədədir. Zamanla mövcud olan boşluqlar Azərbaycan dövlətinin apardığı xarici siyasət nəticəsində aradan qaldırılır, yaradılmış münasibətlər isə daha da inkişaf etdirilir.
Bu gün biz əlbəttə ki, torpaqlarımızın işğal altında olduğu müddətdə bəzi Avropa ölkələrinin bizə olan “münasibətini” də unutmamışıq. Lakin keçmiş bizim bugünkü siyasətimizi istiqamətləndirən vasitə kimi də çıxış edə bilməz. Biz yeni münasibətlər sisteminin qurulmasının tərəfdarıyıq və bu istiqamətdə də siyasətimizi davam etdiririk. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında uzunmüddətli əməkdaşlıq ənənəsinin və tarixən mövcud olan yüksəksəviyyəli siyasi dialoqun davamı kimi qiymətləndirilir. Ölkələr arasında dərin kökləri olan bu dialoqun təsiri ilə münasibətlər görüş zamanı qeyd olunduğu kimi “çox dinamik şəkildə və sürətlə” inkişaf etməkdədir.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Əlimusa İbrahimov söyləyib.
O qeyd edib ki, Slovakiyaya edilən səfər, orada keçirilən görüşlər digər Avropa ölkələri üçün də nümunə hesab oluna bilər: “Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Artıq Azərbaycan qazının ixrac edildiyi ölkələrin sayı 14-ə çatıb. Ölkəmiz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olaraq birinci yerdədir. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar da əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaq. Avropa ölkələrini enerji resursları ilə təchiz etmək ikitərəfli münasibətlərin yalnız bir elementidir. Burada çoxlu sayda hər iki dövlətin maraq dairəsində olan sahələr var və Azərbaycanla Slovakiya zaman-zaman bu sahələri münasibətlərin əhatə dairəsinə salacaqlar”.
Ə.İbrahimovun sözlərinə görə, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycan-Ermənistan münaqişəsinin həll olunmasına münasibətini həqiqətən bizə dost olan bir ölkənin münasibəti kimi qiymətləndirmək olar. Torpaqlarımız işğal altında olan dövrdə də Slovakiya bu məsələdə ədalətli mövqe tutub. Azərbaycan-Slovakiya münasibətlərinin inkişaf etdirilməsi digər Avropa ölkələri ilə də münasibətlərinin şaxələndirilməsində müsbət tendensiyanın davamı olacaq.