Müəllimlərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, bu məsələ Milli Məclisin komitələrində müzakirə edilən “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Hazırkı qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyəti işə qəbul olunduqları tarixdən asılı olmayaraq, bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilir.
Azedu.az-ın məlumatına görə, Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, parlamentin komitələrində müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklik layihəsi pedaqoji işçilərin əmək məzuniyyətindən istifadə imkanlarının genişləndirilməsi ilə bağlıdır.
“Hazırda qüvvədə olan 131-ci maddənin 5-ci hissəsinə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərin məzuniyyətinin, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilməsi nəzərdə tutulur və yalnız işəgötürənin razılığı olduğu təqdirdə tədris ili ərzində məzuniyyət mümkündür.
Hərçənd bu norma hüquqi baxımdan tədris ili ərzində pedoqoji işçilərin məzuniyyət hüququnu tanıyır. Təcrübədə isə məktəb rəhbərliyinin razılıq mexanizmindən sərt istifadə etməsi səbəbilə müəllimlərin böyük əksəriyyəti ilin ortasında məzuniyyət almaqda çətinlik çəkirlər. Layihə məhz bu problemi aradan qaldırmağı, müəllimlərin məzuniyyət hüququndan daha real və əlçatan şəkildə yararlanmasını təmin etməyi hədəfləyir”.
Deputat nəzərə çatdırıb ki, normada “pedaqoji işçilər” anlayışının işlənməsi bu hüququ bütün təhsil verən kateqoriyalara, o cümlədən məktəb, kollec və ali təhsil müəssisələrinin pedaqoji heyətinə şamil edir:
“Bununla belə, maddədə “məktəblərdə yay tətili dövrü” ifadəsinin qeyd olunması hüquqi baxımından normanın ilkin olaraq ümumtəhsil müəssisələrində tətbiq edilməsi üçün formalaşdırıldığını göstərir. Ali təhsil müəssisələrinin tədris yükü və qrafiki məktəblərdən əhəmiyyətli dərəcədə fərqləndiyindən dəyişiklik layihəsinin konkret mətni bu məsələdə həlledici rol oynayacaq. Əgər layihə “tədris ili ərzində məzuniyyət” anlayışını ümumiləşdirilmiş formada təqdim edərsə, o zaman pedaqoji fəaliyyət göstərən bütün işçilər, o cümlədən ali təhsil müəssisələrinin müəllimləri də eyni hüquqa malik olacaqlar. Mövcud qanunvericilik ştat tamlığını nəzərə almadan pedaqoji işçi statusunu əsas götürdüyü üçün həm tam, həm də natamam ştatla işləyən müəllimlər bu hüquqdan faydalana biləcəklər.
Dəyişiklik layihəsinin tətbiqi baxımından təhsil müəssisələrinin idarəetmə xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Məktəblərdə dərs yükü ardıcıl və sabit olduğu üçün müəllimin ilin ortasında məzuniyyətə çıxması dərs bölgüsündə çətinliklər yarada bilər. Lakin sosial şərait, sağlamlıq problemləri və ya fövqəladə hallar zamanı müəllimin məzuniyyət hüququnun reallaşması təhsil prosesinin keyfiyyətinə də dolayısı ilə müsbət təsir göstərir, çünki işçinin psixoloji və fiziki sağlamlığı pedaqoji fəaliyyətin əsas şərtlərindən biridir. Bu bağlamda məktəblərdə məzuniyyətin tədris ili ərzində tətbiqi üçün əvvəlcədən planlaşdırılmış növbəlilik mexanizmlərinin hazırlanması və ehtiyat müəllim institutunun gücləndirilməsi zəruri görünür”.
O, eyni zamanda qeyd edib ki, ali təhsil müəssisələrində vəziyyət daha fərqlidir:
“Universitetlərdə dərs yükü semestrlər üzrə dəyişkən olduğundan professor-müəllim heyətinin tədris ili ərzində məzuniyyətə çıxması tədris prosesinə daha az təsir göstərir. Bu səbəbdən layihənin ali təhsil sahəsində tətbiqi həm praktik, həm də idarəetmə baxımından daha rahatdır. Bununla belə, məzuniyyətin elmi fəaliyyətə təsiri, semestr sonu qiymətləndirmələr və akademik qrafik kimi spesifik məsələlər nəzərə alınmalı və tətbiq mexanizmi də bu xüsusiyyətlərə uyğunlaşdırılmalıdır”.
Yekun olaraq E.Mirzəbəyli onu da əlavə edib ki, hər iki təhsil səviyyəsində ən böyük hüquqi problem “işəgötürənin razılığı” anlayışının qeyri-müəyyənliyidir:
“Mövcud vəziyyətdə bu mexanizm rəhbərliyə geniş sərbəstlik verir və müəllimlərin qanunla nəzərdə tutulmuş hüquqdan istifadə etməsinə mane olur. Dəyişiklik layihəsi bu qeyri-müəyyənliyi aradan qaldırmalı, razılıq mexanizmini ya ləğv etməli, ya da imtina halları üçün obyektiv meyarlar müəyyən etməlidir. Əks halda, yeni norma praktikada əvvəlki kimi formal xarakter daşıya bilər.
Bütün hallarda düşünürəm ki, pedaqoji işçilərə tədris ili ərzində məzuniyyətin verilməsi hüquqi baxımdan zəruri, sosial baxımdan əsaslandırılmış, idarəetmə baxımından isə mümkündür. Bununla belə, mexanizmin effektivliyini təmin etmək üçün təhsil müəssisələrinin daxili idarəetmə sistemləri yenidən qurulmalı, dərs yükünün optimal bölüşdürülməsi və tədrisin fasiləsizliyi üçün dəqiq prosedurlar hazırlanmalıdır. Bu yanaşma pedaqoji işçilərin sosial rifahının yaxşılaşdırılmasına, həmçinin təhsil müəssisələrinin insan resurslarının daha çevik və səmərəli idarə edilməsinə xidmət edə bilər”,- deyə deputat fikrini tamamlayıb.
Qeyd edək, layihəyə görə, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyəti işə qəbul olunduqları vaxtdan asılı olmayaraq məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilə biləcək.