ABŞ "Qızıl Kart" proqramını rəsmən işə salıb. Yeni modelə görə, ölkəyə ən azı 1 milyon dollar sərmayə yatıran xarici vətəndaşlara sürətləndirilmiş "Green Card" imkanı verilir.
Day.Az xəbər verir ki, addım iqtisadiyyəti canlandırmaq məqsədi daşısa da, "vətəndaşlığın pulla satılması" tənqidlərini artırıb.
Proqramın əsas şərtləri belədir:
-
Müraciət haqqı: 15 min dollar
-
Təsdiqdən sonra tələb olunan sərmayə: 1 milyon dollar
-
Üstünlük: Daimi yaşayış üçün sürətli prosedur və vətəndaşlığa müraciətin asanlaşması
Müraciət rədd edilərsə, 15 min dollarlıq ödəniş geri qaytarılmır və dövlətin gəliri kimi qalır. Proqram milli təhlükəsizlik və ağır cinayət hallarında ləğv oluna bilər.
İlk mərhələdə sərmayə məbləği 5 milyon dollar nəzərdə tutulmuşdu. Lakin marağın az olması və tənqidlər səbəbindən məbləğ 1 milyon dollara endirilib. Mütəxəssislər bunu əvvəlki versiyanın uğursuzluğunun etirafı kimi dəyərləndirirlər.
Yeni qaydalar "varlılar daha tez vətəndaş olur" müzakirələrini gücləndirib. Bəzi miqrasiya ekspertləri proqramın bərabərlik prinsiplərini pozduğunu bildirir.
Ağ Ev isə bu mexanizmin milyardlarla dollar yatırımı ölkəyə cəlb edəcəyini, toplanan vəsaitin strateji sahələrə yönəldiləcəyini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp 19 sentyabr 2025-də 14351 saylı sərəncamla proqramın yaradılmasını tapşırmışdı.
Elxan Əliyev
Day.Az