AZ

“Fələstin dövləti qurularsa, silahları yerə qoyacağıq”

Yazını böyüt
Yazını kiçilt

Həmas atəşkəsin ikinci mərhələsinə keçidi dəstəklədiklərini və silahlarımızı yerə qoymağa açıq olduqlarını açıqladı.

Hafta.az yazır ki, anonimlik şərti ilə “Times of Israel” qəzetinə danışan Həmas rəsmisi, Fələstin dövlətinin qurulması üçün danışıqlara başlanılarsa, silahları yerə qoyacaqlarını söyləyib: “Bu, güc və ya ultimatumla edilə bilməz. İsrail Həmas-ı tərksilah etmək üçün iki il ərzində bütün hərbi gücündən istifadə etdi, lakin bu, nəticə vermədi. Silahların yerə qoyulması məsələsi siyasi problemlə bağlıdır və buna görə də siyasi həll tələb edir”.

Rəsmi şəxs fələstinlilərin 78 illik İsrail işğalına qarşı silahlı mübarizə hüququnu və 1967-ci il sərhədlərinə əsaslanan Fələstin dövlətinin yaradılması tələbini bir daha təkrarlayıb.

Qəzza müharibəsinə son qoymaq üçün ABŞ-ın rəhbərliyi altında hazırlanmış 20 maddəlik sülh planı 10 oktyabrda qüvvəyə minib. Türkiyə, Misir və Qətər razılaşmanın qarantı arasındadır.

Planda Həmas-ın silahlarını yerə qoyması və Qəzzanın gələcəyinə söz sahibi olmaması tələb olunur. Bunun əvəzinə, plan Qəzza zolağının administrasiyasını müvəqqəti olaraq fələstinlilərin daxil olacağı texnokratik komitəyə təhvil verməkdir. ABŞ prezidenti Donald Trampın sədrliyi ilə keçiriləcək Sülh Komitəsinə əlavə olaraq, bölgəyə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi nəzərdə tutulur.

Razılaşmanın birinci mərhələsi Həmas-la İsrail arasında girov mübadiləsini əhatə edirdi. İsrail əsgərləri də təyin olunmuş "sarı xətt"ə geri çəkildilər. Hesabatda İsrail ordusunun Qəzza zolağının 53 faizinə nəzarət etdiyi bildirilir.

İsrail, Həmas-ın bütün 28 girovu təhvil verənə qədər ikinci mərhələnin başlamayacağını açıqlamışdı. Fələstin təşkilatı indiyə qədər 27 girovu İsrailə göndərib. Lakin, 7 oktyabr hücumunda həlak olan İsrail polis məmuru Ran Qvilinin cəsədi hələ də Qəzzadadır. Həmas rəsmisi cəsədin tapılması üçün səylərin davam etdiyini bildirir.

İkinci mərhələ Sülh Komitəsinin üzvlərini təyin etməyi və Qəzzaya təhlükəsizlik qüvvələri yerləşdirməyi hədəfləyir. Bu mərhələ Həmas-ın silahlarını yerə qoymağa razılaşmasını tələb edir. Bundan sonra İsrail əsgərləri daha arxa mövqeyə çəkiləcəklər.

Tramp ikinci mərhələnin "çox tezliklə" başlayacağını deyib, lakin vaxt cədvəlini açıqlamayıb. ISF qoşunlarının Qəzzaya yerləşdirilməsi yanvar ayına planlaşdırılır.

Həmas rəsmisi bildirib ki, onlar əvvəlcə əməliyyatdan qısa müddət sonra, 7 oktyabr 2023-cü ildə “Əl-Əqsa Tufanı” zamanı girov götürülənləri azad etməyi düşünüblər. Lakin onlar bu plandan imtina ediblər, çünki İsrail hücumlarını dayandırmayıb və vasitəçilər müharibənin bitəcəyinə dair heç bir zəmanət verməyiblər.

ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında hazırlanan plana əsasən, ISF Həmas-ın tərksilah edilməsində də rol oynayacaq.

Digər tərəfdən, Həmas rəsmisi təhlükəsizlik qüvvələrinin İsrail ordusu ilə Qəzzada Fələstin xalqı arasında "bufer zonası" kimi xidmət etməli olduğunu iddia edərək, ISF-in nəzarəti altında belə bir prosesə razı olmayacaqlarını bildirib.

Onlar həmçinin tərksilah müqabilində İsrail ordusunun Qəzzadan tamamilə çıxarılmasını tələb ediblər.

Həmas rəsmisi, 7 oktyabr 2023-cü ildə “Əl-Əqsa Tufanı”nın nəticələrindən təəssüflənmədiklərini bildirərək, onların dünya ictimaiyyətinə İsrailin əsl üzünü görməyə imkan yaratdıqlarını vurğulayır: "Biz tarixi dəyişdirməyi bacardıq. Dünya gözlərini açdı, fələstinlilərin nələr yaşadığını və İsrailin hansı cinayətlər törətdiyini gördü".

Digər tərəfdən, İsrail ordusunun Qərb Sahilindəki yəhudi köçkünlərlə fəal əməkdaşlıq etdiyi bildirilir.

İsrailin ictimai yayımçısı “Kan” tərəfindən hazırlanan “Zman Emet” (Real Time) proqramında iştirak edən briqada generalı Avi Bluth, İMQ-nin "sərhəd bölgələrində fermalar yaratmaq üçün köçkünlərlə tam əməkdaşlıqda hərəkət etdiyini" söyləyib. Bluth, bu əməkdaşlığın xüsusilə ötən ilin iyul ayında sürətləndirildiyini bildirib.

Seçilən
15
hafta.az

1Mənbələr