Brüsseldə donor ölkələr və gecikən tərəflər arasında bölgü yaranacağı, alternativ planın isə Belçikanın vetosu səbəbindən dalana dirəndiyi bildirilir…
Poliqon xəbər verir ki, Avropa İttifaqı rəsmiləri Ukrayna üçün nəzərdə tutulan yeni kredit mexanizminin könüllü maliyyələşdirilməsinin Aİ daxilində gərginliyi artıracağından narahatdırlar. The Wall Street Journal qəzetinin mənbələrinə görə, belə bir model blok daxilində iki qrupa, əsas donor ölkələr (Almaniya, Şimali Avropa dövlətləri, Polşa və Baltikyanı ölkələr) və “geri qalanlar” (İtaliya, İspaniya) arasında açıq bölgü yarada bilər.
Mənbələr bildiriblər ki, bu ssenari o halda gerçəkləşəcək ki, Aİ alternativ mexanizmi, dondurulmuş Rusiya aktivlərindən təxminən 105 milyard dolların Ukraynaya yönəldilməsi planını reallaşdıra bilməsin. Xatırladaq ki, ümumi dəyəri 200 milyard dollar olan bu aktivlərin böyük hissəsi Belçikada saxlanılır və məhz Brüsselin vetosu planı bloklayır. Həmin vəsaitlər Ukraynanın qarşıdakı iki il üçün büdcə və müdafiə xərclərinin üçdə ikisini qarşılamalı idi.
WSJ yazır ki, əgər Rusiya aktivlərini istifadə etmək mümkün olmasa, Aİ iki alternativ variantı nəzərdən keçirəcək:
- maliyyə bazarlarında yeni birgə borclanma;
- ayrı-ayrı ölkələrin birbaşa ödənişləri.
Hər iki variant Avropa vergiödəyiciləri üçün daha bahalı, həmçinin siyasi baxımdan riskli sayılır. Liderlərin 18–19 dekabr tarixli sammitinin gündəliyinə Rusiya aktivlərinin müsadirəsi məsələsi daxil edilib.
Bu məsələ Aİ-nin Ukraynanı uzunmüddətli maliyyə dəstəyi çərçivəsində birləşmiş şəkildə hərəkət edə bilib-bilməyəcəyini test edən əsas siyasi sınaqlardan biri hesab olunur.
Poliqon.info