AZ

“Əsrə bərabər 50 il": Azərbaycan Memarlıq və İnşaat Universitetinin böyük inkişaf yoluna baxış 

"Güclü dövlət qurmaq üçün ilk növbədə bilikli, savadlı, yüksək hazırlıqlı mütəxəssislər yetişdirilməlidir".

Heydər ƏLİYEV

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinin qeyd edilməsi təkcə bir ali təhsil ocağının tarixinin daha bir mərhələyə çatması deyil. Bu yubiley eyni zamanda ölkəmizin memarlıq və inşaat təhsilinin inkişafına verilən dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin göstəricisidir.

Ulu Öndər Heydər Əliyevin ali təhsil sisteminə verdiyi dəyər və mühəndislik sahəsinə yönəlik strateji baxışı AzMİU-nun formalaşmasında, onun gələcək inkişaf konsepsiyasının müəyyənləşməsində həlledici rol oynayıb. Təsadüfi deyil ki, AzMİU məhz Ümummilli Liderin ölkəyə ilk rəhbərliyi dövründə yaradılmış, ikinci rəhbərliyi dövründə isə tarixi fərmanı ilə universitetimiz bugünkü adını alaraq yeni bir mərhələyə qədəm qoymuş, inkişafının istiqamətləri aydın şəkildə müəyyənləşdirilmişdir.

Bu gün isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri, şəhərsalmanın geniş vüsət alması, "ağıllı şəhər", "yaşıl memarlıq", enerji effektli tikinti kimi çağdaş yanaşmalar memarlıq və inşaat təhsilinə yeni tələblər formalaşdırır. AzMİU bu çağırışlara cavab vermək üçün yenilənmiş təhsil proqramları, mütəxəssis hazırlığının yeni strukturu, gücləndirilmiş elmi baza, beynəlmiləlləşmə və rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atır.

"Əsrə bərabər 50 il" devizini seçməyimiz təsadüfi deyil. Bu yarım əsr təkcə universitetin yaşı deyil - Azərbaycanın sürətli inkişaf yoluna verilmiş töhfələrin, minlərlə memar və mühəndisin yetişdirilməsi ilə formalaşan intellektual gücün, ölkənin quruculuq və bərpa işlərində ön sıralarda dayanmağının ifadəsidir. Eyni zamanda bu, 1920-ci ildə yaradılmış İnşaat fakültəsindən başlayaraq toplanmış bütün təhsil təcrübəsinin və nailiyyətlərin universitetin bünövrəsini təşkil etməsinin göstəricisidir.

Hazırda Azərbaycan özünün ən sürətli inkişaf dövrünü yaşayır. Regionların yenilənməsi, işğaldan azad olunmuş torpaqların dirçəldilməsi, yeni şəhər və kəndlərin qurulması, müasir infrastruktur şəbəkələrinin yaradılması - bütün bu genişmiqyaslı proseslər təhsildə güclü mühəndis və memar hazırlığına olan ehtiyacı daha da artırıb. Universitetin yetirdiyi minlərlə mütəxəssis Azərbaycanın müasir şəhərlərini, binalarını, körpülərini, su sistemlərini, yollarını, kommunikasiya xətlərini - bir sözlə, ölkənin müasir simasını formalaşdırmağa və inkişafın qarşıya qoyduğu böyük tələblərə cavab verməyə qadir olmalıdır.

Universitetimizin tarixi rəsmi olaraq 1975-ci ildən başlasa da, onun kökləri daha dərindir. 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılan İnşaat fakültəsi, 1930-1934-cü illərdə fəaliyyət göstərən İnşaat və Memarlıq İnstitutu, ötən əsrin müxtəlif mərhələlərində yenidən təşkil olunan fakültə və şöbələr bugünkü AzMİU-nun əsasını formalaşdırıblar.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa müddətdə kənd təsərrüfatı ölkəsindən sənaye ölkəsinə çevrildi. Bütün sahələrdə olduğu kimi, memarlıq və inşaat sahəsində də genişmiqyaslı layihələr reallaşdırıldı, yeni sənaye müəssisələri, yaşayış kompleksləri, mikrorayonlar tikilməyə başlandı. Məhz bu işlər bugünkü universitetimizin 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu olaraq ölkədə inşaat-memarlıq sahəsində ixtisaslaşmış ilk ali məktəb kimi yaradılmasını zəruri etdi. Təhsil ocağına 1992-ci ildə universitet statusunun verilməsi, 2000-ci ildə isə Ümummilli Lider Heydər Əliyevin tarixi fərmanı ilə ali təhsil müəssisəsinin adının rəsmi şəkildə "Azərbaycan Memarlıq və İnşaat Universiteti" kimi təsdiqi bu inkişaf yolunun ardıcıl mərhələləridir. Bu tarixi ardıcıllıq göstərir ki, AzMİU-nun 50 illiyi həm də bir elm məktəbinin, bir ali ixtisas təhsili ənənəsinin, müasir dövrün memarlıq-inşaat düşüncəsinin formalaşmasının yubileyidir.

Bu gün AzMİU özünün yeni dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, böyük tikinti və nəqliyyat layihələrinin icrası, regionların davamlı inkişafı və müasir infrastrukturun formalaşdırılması üçün müasir tələblərə cavab verən mütəxəssis hazırlığı universitetimizin qarşısında duran böyük və məsuliyyətli vəzifədir.

Hazırda universitetin Memarlıq, İnşaat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, Tikinti-iqtisad, Mexanika və informasiya texnologiyaları, Nəqliyyat, Dizayn fakültələri ölkənin mühəndis təhsilinin aparıcı mərkəzlərindəndir. Universitetimizdə yüksəsksəviyyəli, təcrübəli mütəxəssislər və alimlərdən, eyni zamanda gənc  kadrlardan ibarət 600 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. 3 dildə - Azərbaycan, ingilis və rus dillərində tədris aparılır, 24 ixtisas üzrə bakalavr pilləsində mütəxəssis hazırlığı həyata keçirilir. Magistratura səviyyəsində isə 53 proqram üzrə hazırlıq aparılır. Həmçinin universitetin nəzdində İnşaat Kolleci, Fizika-Riyaziyyat Təmayüllü Lisey, 2010-cu ildən etibarən isə Layihə İnstitutu mövcuddur. Son illərdə həyata keçirdiyimiz islahatlar tədris prosesini müasir tələblərə uyğunlaşdırmağa, tələbəmərkəzli tədris modelinə keçidi təmin etməyə, beynəlxalq səviyyədə universitetin tanıdılması və nüfuzunun artırılmasına yönəlib.

Bu gün qürurla qeyd edə bilərik ki, 50 il ərzində universitetdən 70 mindən çox memar, inşaat, nəqliyyat, hidrotexniki və meliorativ tikinti mühəndisi məzun olub. Respublikanın, demək olar ki, bütün iri tikinti layihələrində, şəhərsalma planlaşdırılmasında, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasında AzMİU məzunlarının imzası var. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinin əsas icraçıları, layihə rəhbərləri, sahə mühəndisləri də məhz bu universitetin məzunlarıdır. Bu fakt bir daha sübut edir ki, AzMİU yalnız təhsil müəssisəsi deyil, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində rolu olan milli intellekt mərkəzidir. Universitetin ölkə iqtisadiyyatının inkişafındakı rolunun daha da artması, istehsalatın tələblərinin təmin edilməsi və əlaqələrin gücləndirilməsi məqsədilə 50 illik yubileyi ərəfəsində AzMİU-nun Məzun Assosiasiyası yaradıldı. Qısa zaman keçməsinə baxmayaraq, Məzun Assosiasiyası artıq universitetin keçmişi, bu günü və gələcəyi arasında körpü rolunu oynayır. Bir ildən az vaxtda assosiasiya universitetin maddi-texniki bazasının gücləndirilməsi, laboratoriyalarının yenilənməsi, tələbələrin motivasiyasının artırılması və xeyriyyəçiliklə bağlı xeyli işlər görüb. Məzun Assosiasiyası peşəkar əməkdaşlıq platforması olmaqla yanaşı, həm də universitetin tarixi yaddaşının, məzun birliyinin və sosial məsuliyyət ənənəsinin gücləndirilməsi deməkdir. 

Bütün ölkəmizdə olduğu kimi, AzMİU-da da rəqəmsallaşma və Süni İntellekt Strategiyasının tələblərinə uyğun inkişaf istiqamətləri diqqət mərkəzindədir. Təhsilin məzmununun elektronlaşdırılması, rəqəmsal qiymətləndirmə sistemi, virtual laboratoriyalar və elektron tədris modulları mühəndis hazırlığında artıq əsas vasitəyə çevrilib. Bu prosesə təkcə texniki yenilənmə kimi baxmaq olmaz. Bu, təhsildə tamamilə yeni fəlsəfədir: daha çevik, daha şəffaf və tələbənin inkişaf motivasiyasını artıran bir yanaşmadır. Şübhəsizdir ki, bu proses inkişaf edən xətlə davam etdiriləcək. 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam ölkəmizdə rəqəmsal transformasiya prosesinin yeni mərhələsinə keçidi müəyyənləşdirir. Bu strategiya ali təhsil müəssisələrinin qarşısına intellektual texnologiyaların tətbiqi, rəqəmsal elmin inkişafı və yüksəkixtisaslı kadr hazırlığı sahəsində konkret vəzifələr qoyur. Sərəncamdan irəli gələn tələblər universitetimizin fəaliyyətində yeni prioritetlərin müəyyənləşməsinə səbəb olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universiteti bu çağırışların cavabı olaraq rəqəmsal ekosistemin gücləndirilməsi, süni intellektə əsaslanan tədris və tədqiqat mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atır. 

Universitetdə ölkənin aparıcı İT şirkətləri ilə birlikdə rəqəmsal layihələrin hazırlanması, tələbələrin real mühəndislik tapşırıqları üzərində çalışma imkanlarının yaradılması, habelə süni intellekt üzrə praktik təlimlərin təşkili istiqamətində əməkdaşlıq genişləndirilir. Tələbə və müəllimlərin biliklərinin artırılması üçün AzMİu-da müxtəlif istiqamətlər üzrə İT kursları təşkil olunur. Proqramlaşdırma, süni intellektin əsasları, məlumatların analizi, rəqəmsal modelləşdirmə kimi sahələri əhatə edən bu kurslar beynəlxalq akkreditasiyaya malik partnyor şirkətlərin dəstəyi ilə həyata keçirilir. Tələbələrin ali təhsil diplomu ilə bərabər beynəlxalq sertifikatlar alması onların məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Qlobal texnologiya şirkətləri ilə qurulan tərəfdaşlıq sayəsində universitetdə beynəlxalq praktikanı əks etdirən birgə layihələr də həyata keçirilir. Xarici ali məktəblərlə birgə tədqiqat proqramları, akademik mübadilə, professor-müəllim heyətinin və tələbələrin qarşılıqlı səfərləri təşkil olunur. Süni intellekt, böyük verilənlər analitikası və rəqəmsal dizayn sahəsində ixtisaslaşmış universitetlərlə əməkdaşlıq AzMİU-nun potensialını daha da gücləndirir.

Müasir dövrdə təhsilin ölkənin iqtisadi inkişafında artan rolu, insan kapitalının prioritet istiqamət olması ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılmasını tələb edir. Beynəlmiləlləşmə ali təhsil müəssisəsinin bütün funksiyalarına: təhsilə, elmi tədqiqat fəaliyyətinə, idarəetməyə beynəlxalq standartlara söykənən yanaşmanın tətbiqi deməkdir. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi isə inkişafın vacib şərtlərindən biridir. 

Beynəlmiləlləşmə prosesinin məntiqli davamı və universitetin qlobal ali təhsil standartlarına nə dərəcədə uyğun olmasının göstəricisi nüfuzlu beynəlxalq reytinq cədvəllərində yer almasıdır. QS World University reytinqində dünya səviyyəli universitetlər sırasına daxil olmaq və QS Stars yarışmasında maksimal - 5 ulduzla qiymətləndirilmək AzMİU-nun son illərdə əldə etdiyi nailiyyətlərdəndir. 

The World University reytinqində ilbəil mövqeyimiz möhkəmlənir. Green Metric, RUR və bir sıra digər reytinqlərdə iştirak edir və dünya universitetləri ilə müxtəlif istiqamətlərdə yarışa qatılırıq. 

Bununla yanaşı, beynəlxalq səviyyəli ali təhsil ocağı olmağın mütləq göstəricilərindən biri hazırlanan ixtisas proqramlarının beynəlxalq akkreditasiyadan keçməsidir. Bu yolda atılan ilk uğurlu addımlar bakalavr səviyyəsində memarlıq (RİBA), inşaat və nəqliyyat tikintisi mühəndisliyi (IAAR), magistratura səviyyəsində isə inşaat mühəndisliyi (IAAR) ixtisasları üzrə təhsilin və tədrisin qabaqcıl standartlara uyğunluğunun təsdiqlənməsi, beynəlxalq qiymətləndirmənin qazanılmasıdır. 

Beynəlxalq tərəfdaşlıqların genişlənməsi, xarici universitetlərlə çoxşaxəli əməkdaşlıq, müəllim və tələbə mobilliyi, ikili diplom proqramları və birgə tədqiqat layihələrinin miqyasının artırılması AzMİU-nu regionda mühəndislik, memarlıq və dizayn təhsili üzrə beynəlxalq standartlara uyğun aparıcı ali məktəblərdən birinə çevirib. Universitetin bu istiqamətdə həyata keçirdiyi ardıcıl fəaliyyətin tərkib hissəsi olaraq qlobal təhsil məkanında AzMİU həm öz mövqeyini möhkəmləndirir, həm də Azərbaycanın ali təhsil sisteminin beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm töhfə verir.

Hazırda AzMİU dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə çoxölçülü əməkdaşlıq əlaqələrinə malikdir. Universitetin tərəfdaşlar şəbəkəsində İstanbul Texniki Universiteti və Yıldız Texniki Universiteti kimi Türkiyənin aparıcı ali məktəbləri, Milan Politexnik, La Sapiensa, Vestminster universitetləri kimi Avropanın yüksək reytinqli, habelə Cənubi Koreya, Çin, Mərkəzi Asiya ölkələrinin müxtəlif texnologiyayönümlü ali təhsil qurumları yer alır. Bu tərəfdaşlıqlar çərçivəsində tədqiqat mübadiləsi, müəllim və tələbə mobilliyi və rəqəmsal tədris mühitində birgə layihələrin icrası geniş şəkildə həyata keçirilir.

Universitetin beynəlxalq fəaliyyətində xüsusi yer tutan ikili diplom proqramları AzMİU tələbələrinə həm Azərbaycan, həm də tərəfdaş ölkələrin ali məktəblərinin diplomlarını əldə etmək imkanı yaradır. Hazırda ikili diplom proqramları Ankara Universiteti, Vestminster Universiteti, Texas Texniki Universiteti, Ege Universiteti, İstanbul Texniki Universiteti, Milan Politexnik Universiteti (memarlıq və dizayn ixtisasları), Leiriya Universiteti və Coruna Universiteti ilə uğurla həyata keçirilir.  

Qeyd etmək lazımdır ki, beynəlxalq əməkdaşlıq vasitəsilə Azərbaycana qabaqcıl tədris metodologiyası, innovativ texnologiyalar və dünya təcrübəsi transfer olunur. Universitetimizin məzunları həm yerli, həm də qlobal əmək bazarında yüksək rəqabət qabiliyyətinə malik mütəxəssislər kimi formalaşır, ölkənin mühəndislik, memarlıq və dizayn sahələrində insan kapitalının inkişafına mühüm töhfə verirlər.

Ötən 50 il ölkəmizdə memarlar və inşaat sahəsi üzrə mühəndislər hazırlığında və universitetimizin bir ali təhsil ocağı olaraq inkişafında mühüm mərhələ olmuşdur. Məhz AzMİU-nun məzunları ötən əsrin 70-80-ci illərində və müstəqillik dövrünün son 25 ili ərzində ölkədə həyata keçirilən böyük tikinti və yenidənqurma fəaliyyətinin aparıcı mühəndis qüvvəsini təşkil etmişlər. Məzun və tələbələrimiz Vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fədakarcasına iştirak etmiş, qəhrəmanlıq göstərmiş, şəhidlik zirvəsinə ucalmışlar. Vətən müharibəsində Zəfəri canları bahasına yaxınlaşdıranların sıralarında AzMİU-nun 27 şəhid məzunu var. Onlar bizim qürur mənbəyimiz və tələbələrimiz üçün örnəkdirlər. 

Prezident İlham Əliyevin Azərbaycanın yüksək templə inkişafına, beynəlxalq aləmdə rolunun və nüfuzunun artmasına, xalqın rifahının  yüksəldilməsinə istiqamətləndirilmiş siyasi strategiyası ölkənin müasir tələblərə cavab verən kadrlarla təmin edilməsini vacib şərt olaraq ön plana çəkmişdir. "Qara qızılın insan kapitalına çevrilməsi" ideyası davamlı olaraq konkret fəaliyyətlərlə həyata keçirilməkdədir. AzMİU Azərbaycanın təhsil sisteminin bir hissəsi olaraq bu böyük məqsədə uyğun işini qurur və fəaliyyət strategiyasını planlaşdırır. 

Universitetimizin dərin köklərə malik elm və təhsil ənənələri, ardıcıl həyata keçirilən yeniləşmə siyasəti, nüfuzlu və müasir biliklərə sahib olan professor-müəllim heyəti yeni dövrdə yeni tələblər səviyyəsində qarşıda duran vəzifələrin öhdəsindən gələcəyinə və Azərbaycanın ən səviyyəli elmi tədqiqat universitetlərindən birinə çevriləcəyinə əminlik yaradır.

Gülçöhrə MƏMMƏDOVA,

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr