AZ

Ermənistanın və Avropa İttifaqının mövqeyi sülh prosesi ilə ziddiyyət təşkil edir

"Avropa İttifaqı və Ermənistan arasında dekabrın 2-də Brüsseldə keçirilmiş Tərəfdaşlıq Şurasının VI iclasının yekununda "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı yeni sənəd imzalanıb. Sənəd Aİ ilə Ermənistan arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələrin dərinləşdirilməsini qarşıya məqsəd qoyur. Bu təşəbbüs regiondakı proseslərə, xüsusən də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlara təsir göstərmək potensialı ilə diqqət mərkəzindədir. Məhz bu səbəbdən sənədin məzmunu və mümkün nəticələrinin Azərbaycan tərəfindən də qiymətləndirilməsini zəruri edib". 

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. O qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı və Ermənistan arasında imzalanmış sənədlə bağlı mövqeyini açıqlayıb. Rəsmi Bakı bildirib ki, bu sənədin mahiyyəti, təqdimatı və zamanlaması regionda mövcud reallıqlara, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesinin həssas mərhələsinə birbaşa təsir edən amillərlə səciyyələnir. Bu baxımdan XİN-in mövqeyi sənədə verilən münasibətin diplomatik qiymətləndirilməsi kimi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bölgədə siyasi tarazlığı dəyişə biləcək hər bir sənəd xüsusi həssaslıqla hazırlanmalı və qəbul edilməlidir. Belə bir kontekstdə, növbəti 7 il ərzində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycana qarşı yönəlmiş məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir göstərir. Eyni zamanda Qarabağ ermənilərinə "status" verilməsi ilə bağlı çağırışlar, Azərbaycana qarşı qaldırılan hüquqi iddialar, TRIPP layihəsinə toxunulmaması, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının fəaliyyəti və hərbi məzmunlu istinadlar rəsmi Bakı tərəfindən açıq şəkildə qəbul olunmur. Bu müddəalar bölgədə davam edən sülh danışıqlarının məntiqinə ziddir. Azərbaycan tərəfi bildirir ki, real dialoq və tərəfdaşlıq yalnız obyektivlik, balanslaşdırılmış mövqe və beynəlxalq hüquqa hörmət əsasında mümkündür.

Deputat diqqətə çatdırıb ki, bu mərhələdə Ermənistanın atdığı addımlar yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regional sabitliyə təsir edən əsas amillərdən birinə çevrilir. Ermənistanın Vaşinqtonda üzərinə müəyyən öhdəliklər götürməsinə baxmayaraq, Aİ ilə imzalanmış son sənəddə Azərbaycanın əleyhinə yönələn müddəalara razılıq verməsi ciddi ziddiyyət yaradır. İndiki şəraitdə Avropa İttifaqının, çox güman ki, rəsmi İrəvanın tələbi ilə Azərbaycana qarşı iddiaları qəbul etməsi və belə bir sənədə imza atması Ermənistan tərəfinin Vaşinqton prosesinə əks mövqe tutması kimi qiymətləndirilməlidir. Bu, faktiki olaraq, Ermənistanın yenidən ənənəvi davranış modelinə qayıdaraq, ABŞ-ın sülhyaradıcı səylərini Aİ-nin iddialarına dəyişməsi deməkdir.

Bu addımın nəticələrinin olacağı istisna deyil və qiymətləndirilmə yalnız Azərbaycan tərəfindən aparılmayacaq. Xüsusilə ABŞ Prezidenti Donald Trampın sülh prosesi ilə bağlı həm Bakıya, həm də İrəvana ünvanladığı məktubdan sonra Ermənistanın bu cür xəyanət xarakterli mövqe sərgiləməsi tamamilə aydın mənzərə yaradır. Belə bir situasiyada İrəvanın məsuliyyətsiz addımları özünün siyasi etibarlılığını daha da sual altına salır.

Digər tərəfdən, sənəddə TRIPP yoluna deyil, Ermənistanın əsassız, iddiaları əsasında irəli sürülmüş, reallığı əks etdirməyən və əslində, Azərbaycanın mövcud kommunikasiya şəbəkəsindən asılı olan "sülh kəsişməsi" adlı layihənin dəstəklənməsi də diqqət çəkir. Bu yanaşma həm Vaşinqtonun sülhyaratma missiyasına, həm də regionda kommunikasiyaların açılması ilə bağlı ortaya qoyduğu prinsipial mövqeyə zidd olmaqla, Ermənistan və Aİ tərəfindən nümayiş etdirilən qeyri-konstruktiv davranışın göstəricisidir. Baş verənlər sülh prosesinə xələl gətirən addımların mənbəyini açıq şəkildə ortaya qoyur və bölgədə etimadın artırılması üçün daha məsuliyyətli, real vəziyyətə uyğun davranışların vacibliyini bir daha göstərir.

K.Bayramov əlavə edib ki, regionda gedən proseslər göstərir ki, Azərbaycanın mövqeyi və fəaliyyəti Cənubi Qafqazın gələcək siyasi-iqtisadi arxitekturasını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan təkcə coğrafi mövqeyi ilə deyil, həm də həyata keçirdiyi strateji layihələrlə bölgənin açıq, inteqrasiya olunan və rəqabətqabiliyyətli məkan kimi formalaşmasına mühüm töhfə verir. Məhz bu kontekstdə ölkəmizin iqtisadi fəallığın artırılması, mövcud nəqliyyat-kommunikasiya xətlərinin modernləşdirilməsi və yeni marşrutların açılması istiqamətində gördüyü işlər xüsusi önəm daşıyır. Mərkəzi Asiya ilə Avropa İttifaqını birləşdirən kommunikasiya xəttinin qurulması, Orta dəhlizin genişləndirilməsi və bu dəhlizin müxtəlif marşrutlarının gücləndirilməsi Azərbaycanın regionda əvəzolunmaz tranzit və enerji mərkəzinə çevrildiyini bir daha sübut edir. Bütün bu amillər ölkəmizin ən güclü, etibarlı və əvəzolunmaz oyunçulardan biri olduğunu açıq şəkildə göstərir. Bu dinamika fonunda Avropa İttifaqının son iddiaları və siyasi ritorikası Avrasiya məkanında nüfuzunu daraldan amillərdən birinə çevrilir. Qənaətə görə, Aİ-nin bu cür yanaşmaları nə əməkdaşlığa, nə uzunmüddətli tərəfdaşlığa, nə də sülhə xidmət edir. Əksinə, bu tip addımlar regional prosesləri təhrik edən, qarşıdurma elementlərini artıran və qarşılıqlı etimadı zədələyən məzmun daşıyır. Reallıq isə ondan ibarətdir ki, bu yanaşmalarla nə Aİ, nə də onunla eyni mövqedə dayanan qüvvələr Cənubi Qafqazda məqsədlərinə nail ola biləcəklər. Azərbaycan isə bundan sonra da regional əməkdaşlıq, təhlükəsizlik və sülhün təmin olunması istiqamətində prinsipial və ardıcıl siyasətini davam etdirəcək. Çünki bölgənin gələcəyini müəyyən edən əsas güc balansı Azərbaycanın təşəbbüsləri, real əlaqələndirmə imkanları və praktiki siyasəti üzərində formalaşır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr