GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,75 %-ə endirilməsi barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 %-dən 5,75 %-ə, yuxarı həddi isə 8 %-dən 7,75 %-ə endirilib.
Faiz dərəcəsinin azaldılması nə deməkdir? Kredit faizləri ucuzlaşa bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, AMB-nin bu qərarı pul-kredit siyasətinin yumşaldılması istiqamətində atılan bir addımdır:
“Uçot dərəcəsi AMB-nin banklara verdiyi qısamüddətli əsas kreditlərin dəyərini müəyyən edən əsas göstəricidir və maliyyə bazarında faizlər üçün referans rolunu oynayır. Bu qərarın məqsədi qiymət sabitliyini qorumaqla yanaşı, kredit və investisiya mühitini stimullaşdırmaqdır. Hazırda ölkədə ümumi daxili məhsul (ÜDM) artımının arzuolunan səviyyədə olmaması iqtisadi aktivliyin artırılmasına ehtiyac yaratdığı üçün uçot dərəcəsinin aşağı salınması müəyyən məntiqə uyğundur”.
Eldəniz Əmirov
İqtisadçı bildirib ki, nəzəri olaraq uçot dərəcəsinin azalması kredit faizlərini də aşağı sala bilər:
“Lakin Azərbaycanda kommersiya bankları vəsaitləri əsasən AMB-dən deyil, digər mənbələrdən cəlb etdiyinə görə bu qərarın kredit faizlərinə birbaşa ciddi təsir göstərməsi gözlənilmir. Hazırda kredit faizlərinin orta səviyyəsi 14,1 faizdir. Beləliklə, bu qərar uzunmüddətli dövrdə kredit şərtlərinin yumşalması üçün baza yarada bilər. Amma yaxın perspektivdə kredit faizlərinin nəzərəçarpacaq dərəcədə azalması ehtimalı aşağıdır”.
Ləman İmran
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.