AZ

ABŞ “Qızıl Kart” proqramını işə saldı: 1 milyon dollara daimi yaşayış hüququ

BAKI, 11 dekabr. TELEQRAF

ABŞ hökuməti varlı əcnəbilər üçün nəzərdə tutulan “Qızıl kart” proqramının rəsmiləşdirilməsi məqsədilə yeni onlayn platforma istifadəyə verib.

Teleqraf xəbər verir ki, Prezident Donald Tramp bu proqramı ABŞ vətəndaşlığına “ən qısa yol” adlandırır.

Saytda əcnəbilərə 1 milyon dollar müqabilində ölkədə daimi yaşayış hüququ təklif olunur. Səhifənin ana ekranında “Amerikadakı həyatı kəşf et” şüarı yerləşdirilib.

Hazırda saytda “Qızıl Kart” və “Platin Kart” olmaqla iki seçim təqdim olunur. “Qızıl Kart” üçün müraciət etmək istəyənlər 15 min dollar ödəməlidir. Bu məbləğə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən sənədlərin işlənməsi daxildir.

“Platin Kart”ın isə yaxın zamanda istifadəyə veriləcəyi bildirilir. Xarici vətəndaşlar indi gözləmə siyahısına yazıla bilərlər. Kart istifadəyə verildikdən sonra 15 min dollarlıq sənəd qəbulu rüsumu və əlavə 5 milyon dollarlıq ödəniş edən şəxslərə ABŞ-də ildə 270 günə qədər qalmaq imkanı veriləcək. Bununla yanaşı, ABŞ hüdudları xaricində əldə olunan gəlirlər üçün vergi tutulmayacaq.

Saytda qeyd olunur ki, əvvəllər ABŞ-də xaricdən əldə edilən gəlirlərə görə vergi ödəyən şəxslər, yəni ABŞ vətəndaşları və ya daimi yaşayış icazəsi olan əcnəbilər "Platin Kart" üçün müraciət edə bilməzlər.

Xatırladaq ki, Tramp bu proqramın hazırlanacağını hələ yaz aylarında elan etmişdi.

Seçilən
108
teleqraf.com

1Mənbələr