AZ

Tədbirlər real nəticələr verir

Valyuta ehtiyatlarının xarici borcu üstələməsi ölkənin maliyyə dayanıqlığını təmin edir, strateji proqramların həyata keçirilməsinə imkan yaradır və beynəlxalq iqtisadi sistemdə onun mövqeyini daha da gücləndirir

Valyuta ehtiyatlarının xarici borcu üstələməsi, xüsusən də Azərbaycan kimi ölkələrdə iqtisadi sabitlik, dayanıqlı inkişaf və maliyyə müstəqilliyinin əsas göstəricisidir. Bu vəziyyət ölkənin makroiqtisadi dayanıqlığını, xarici şoklara qarşı müqavimətini gücləndirir, manatın məzənnəsini qoruyur, investisiya cəlbediciliyini artırır və dövlətin strateji siyasətlərini maliyyələşdirmək üçün geniş imkanlar yaradır. Valyuta ehtiyatlarının artması, xüsusən də qeyri-neft sektorunda artım (məsələn, Azərbaycanda ilin 11 ayında 3.2 faiz) iqtisadiyyatın davamlı olduğunu göstərir.

Valyuta ehtiyatlarının xarici borcdan dəfələrlə çox olması ölkənin borc öhdəliklərini rahatlıqla yerinə yetirə biləcəyini və maliyyə resurslarının yetərli olduğunu ifadə edir. Dekabrın 9-da Milli Məclisin plenar iclasında çıxışı zamanı Baş nazir Əli Əsədov qeyd edib ki, Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk Hesabatı”nda sadalanan qlobal risklərə baxmayaraq, cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır. Baş nazir əlavə edib ki, cari ilin 11 ayında ümumi daxili məhsul 1,6 faiz artıb, o cümlədən qeyri-neft-qaz sektorunda 3,2 faiz artım, neft-qaz sektorunda isə 1,8 faiz azalma qeydə alınıb. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir.

Qeyd edək ki, ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə - 12,5 milyard dollar artaraq 83,5 milyard dollar olub. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini üstələyir. Hazırda valyuta ehtiyatlarımız xarici borcdan 17 dəfə çoxdur. “Bu gün dünyanın iki aparıcı reytinq agentliyi (“Moody’s” və “Fitch”) ölkəmizin kredit reytinqini yüksəldib. Bu, ölkəmizdə iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir”, - deyə Baş nazir vurğulayıb.

Göründüyü kimi, 2025-ci il dünyada geosiyasi və geoiqtisadi gərginliklərin artması fonunda Azərbaycanda makroiqtisadi mühitdə müsbət dinamika, iqtisadiyyatda artım müşahidə olunur, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir. Bunun nəticəsidir ki, xarici dövlət borcu ÜDM-in cəmi 6 faizinə bərabərləşib. Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafı, habelə büdcə siyasətində neftdən asılılığın tədricən azaldılması ilə bağlı verdiyi tapşırıqlar ardıcıl surətdə icra olunur və bu istiqamətdə nəzərəçarpacaq nəticələr əldə edilməkdədir. Bu siyasət Azərbaycanın uzunmüddətli iqtisadi təhlükəsizliyinin təmin olunması baxımından mühüm strateji xətdir. Təsadüfi deyil ki, son illərdə qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi ilə bağlı görülən işlər daha da geniş vüsət almış, bu gün dövlət büdcəsində neft daxilolmalarından gələn gəlirlərin əvəzlənməsi prosesi çox böyük həssaslıqla həyata keçirilməkdədir. Maliyyə Nazirliyi tərəfindən təqdim olunan rəqəmlər də onu göstərir ki, 2026-cı il büdcəsində neft gəlirlərindən asılılıq azalmağa davam edəcək. Belə ki, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfert 2025-ci illə müqayisədə 1 milyard 646 milyon manat və ya 11,4 faiz az olacaq. Bu azalma təkcə qeyri-neft sektorunun inkişafını deyil, həm də büdcə gəlirlərinin şaxələndirilməsi istiqamətində görülən tədbirlərin real nəticələr verdiyini sübut edir.

Sevinc Azadi, “İki sahil”

Seçilən
71
ikisahil.az

1Mənbələr