ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Neftçalada balıq festivalının dadından çox, icra başçısının geyindiyi plaşın qiyməti müzakirə olundu. Sosial şəbəkələr bir neçə saniyədə “moda ekspertlərinə” çevrilir, şəkillər böyüdülür, markalar araşdırılır, qiymətlərlə “detektiv işi” aparılır.
Bu dəfə hədəfdə Mirhəsən Seyidov idi. Kimisi dedi ki, üstündəki plaş “Hugo Boss Burberry”, özü də 26 min manatlıqdır. Amma məsələ plaşın markasında yox, ictimai reaksiyanın mahiyyətindədir.
Cəmiyyət bu cür xəbərlərə niyə belə sürətlə fokuslanır? Çünki vətəndaşların gözündə məmurun geyimi, davranışı, stili belə bir simvoldur və insanlara məmurun onlarla eyni dünya hissini bölüb-bölmədiyini göstərən işarədir. Yəni bəzən bir plaş min söz danışır.
Mirhəsən Seyidovun reaksiyası da maraqlı nüanslarla dolu idi. “350 manata almışam” deməklə o, həm iddiaları təkzib etdi, həm də özünə qarşı yönələn “lüks həyat” ittihamından uzaq durmağa çalışdı. Ardınca “Neftçalanın iqtisadi gücünü işıqlandırın” dəvəti gəldi.
Ancaq yenə də sual qalır. Niyə bir plaş bu qədər rezonans yaradır? Çünki illərdir cəmiyyət məmura baxanda onun geyimində, sürücüsündə, telefonu və saatında dövlətlə vətəndaş arasında olan fərqin təcəssümünü görür. Məsələnin kökündə sosial etimad çatışmazlığı dayanır. Bu etimad möhkəm olanda məmurun geyiminə baxıb qiymət müzakirəsi aparan olmaz. Cəmiyyət bilir ki, yaxşı maaşı, şəffaf idarəçiliyi olan insanlar normal və keyfiyyətli geyim alır. Problem olanda isə bir düymə belə diqqət çəkir.
Digər tərəfdən ictimai şəxslər öz görünüşlərinə xüsusi həssaslıqla yanaşmalıdır. Çünki onlar hər addımlarında mesaj verirlər. O mesaj bəzən rəsmi çıxışdan daha təsirli olur.
Ən maraqlısı odur ki, Neftçalada keçirilən balıq festivalının özü ikinci plana keçdi. Halbuki sosial şəbəkə müzakirələri yalnız geyimlə yox, festivalda görülən işlərlə, iqtisadi imkanlarla, yerli icmanın durumuyla məşğul olsaydı, həm daha faydalı olardı, həm də Seyidovun “gəlin, işıqladın” çağırışı havada qalmazdı.
Nəticədə həm festival, həm məmur, həm də plaş müzakirə olundu, amma əsas reallıq yenə kölgədə qaldı. Cəmiyyət məmurlarına daha çox şəffaflıq, sadəlik və yaxınlıq istəyir. Bir plaş məsələsi də bu həqiqəti bir daha xatırlatdı.
Leyla Mirzə, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.