Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bank kartlarından sui-istifadə halları artmaqdadır. İnsanlar şəxsi kartlarını dostlarına, qohumlarına və ya tanımadığı şəxslərə verməklə hüquqi baxımdan ciddi risklərə yol açırlar. Mütəxəssislər xəbərdarlıq edir ki, kart sahibi kartdan edilən bütün əməliyyatlara görə hüquqi məsuliyyət daşıya bilər. Bu baxımdan məsələ ilə bağlı hüquqşünaslardan aydın izah almaq vacibdir.Vətəndaşın öz adına bank kartı alıb başqasına verməsi hüquqi baxımdan hansı məsuliyyəti yarada bilər?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına vəkil Mehman Muradlı danışıb.
Mehman Muradlı
“Başqasının adına bank kartı götürmək hallarında tez-tez belə hallar müşahidə olunur ki, vətəndaşa öz adına kart aldırırlar, sonra isə həmin kartı istifadə edərək istədikləri əməliyyatları həyata keçirirlər. Bu kartlar vasitəsilə kibercinayətkarlıqla məşğul olanlar da var. Hətta bəzən xarici ölkə vətəndaşlarının kartlarından pul çıxarma halları baş verir və bu faktlar ciddi araşdırılır, hətta məhkəməyə göndərilir.
İnsanlar anlamalıdır ki, bank kartı sadəcə plastik bir əşya deyil, bu, hüquqi məsuliyyət yaradan ciddi bir vasitədir. Kartı kiməsə vermək - istər öz razılığı ilə, istərsə də xəbəri olmadan - risklidir. “Kart mənim adıma olsa da, mən istifadə etməmişəm” deməklə, boynundan atmaqla məsuliyyətdən yayınmaq mümkün deyil. Hüquqi baxımdan kart sahibi də cinayətkarlarla eyni formada məsuliyyət daşıyır. Bu səbəbdən vətəndaşlar maarifləndirilməlidir. Eyni zamanda bankların da bu məsələdə üzərinə ciddi məsuliyyət düşür. Kart təqdim olunarkən vətəndaşa onun istifadəsi ilə bağlı hüquqi nəticələr barədə əvvəlcədən məlumat verilməlidir. Bank sadəcə məhsul satmaqla məsuliyyətdən yayınmamalı, sonrakı mümkün hüquqi nəticələri də nəzərə almalıdır. Banklar bu məsələdə daha ciddi və məsuliyyətli yanaşma sərgiləməlidirlər”, - deyə Mehman Muradlı bildirib.
Günel Həsənova, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.