ABŞ Mərkəzi Bankı (Federal Ehtiyat Sistemi, FED) 2025-ci ilin son faiz qərarını açıqladı.
Marja xəbər verir ki, FED tərəfindən federal fondlar üzrə faiz dərəcəsi 25 baza bəndi (0,25 faiz bəndi) azaldılaraq 3,75%–4,00% aralığından 3,50%–3,75% aralığına endirilib. Bu addım sentyabr və oktyabrda həyata keçirilən bənzər endirimlərin ardınca atılıb. Belə bir qərar borclanma xərclərini 2022-ci ildən bəri ən aşağı səviyyəyə salıb.
CME-nin FedWatch Alətinə əsasən bazarlar FED-in 9–10 dekabr iclasında 0,25 faiz bəndi faiz endirimi etmə ehtimalını 90%-ə yaxın qiymətləndirirdi.
Qərar əmək bazarında sürətlə soyuma əlamətlərinin müşahidə olunduğu bir vaxtda verilib. Bununla yanaşı, siyasətçilər hökumətin bağlanması səbəbindən gecikdirilən və ya dayandırılan bir neçə əsas statistik məlumatın açıqlanmaması şəraitində çalışmaqda davam edirlər.
Bakı vaxtı ilə saat 23:30-da FED sədri Cerom Pauelin mətbuat konfransı başlayacaq. Önəmli olan Cerom Pauellin çıxışıdır. İnvestorlar FED sədri Cerom Pauellin çıxışnda növbəti faiz endirimlərinin sayı və bəndi barədə ipucu axtaracaqlar.
Aşağı faiz dərəcələri, adətən faiz gəliri gətirməyən aktiv olan qızılı dəstəkləyir. Əgər FED gələn il daha çox sayda faiz endirilməsinə ehtiyac olduğuna dair ipucu verərsə qızıl bahlaşa, faiz endirimlərinin məhdud olacağına işarə edərsə ucuzlaşa bilər.