AZ

Qusar Rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçirilib - FOTOLAR

Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Qusar Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 12 dekabr-Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qusar Rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçirilmişdir.

QHT.az xəbər verir ki, tədbir çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram ifadə edilmişdir. Ardınca Mərkəzin foyesində təşkil olunmuş sərgi ilə tanışlıq baş tutmuşdur.

Tədbirdə çıxış edən natiqlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin misilsiz qəhrəmanlığını dərin ehtiramla yad etmiş, onların Vətən qarşısında tarixi xidmətlərinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulamışlar. Qeyd olunmuşdur ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm Zəfər xalq-ordu birliyinin, dövlətimizin qüdrətinin ən parlaq təcəssümüdür.

Çıxışlarda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdikləri xüsusi diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə reallaşdırılan genişmiqyaslı sosial dəstək proqramları, bu kateqoriyadan olan şəxslərin mənzil təminatı, müavinət mexanizmlərinin təkmilləşdirilməsi və digər islahatlar bu diqqət və qayğının göstəricisidir. Diqqətə çatdırılmışdır ki, Qusar rayonunda da şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması və problemlərinin həlli, mütəmadi şəkildə maddi yardımların göstərilməsi daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin məzarları ziyarət edilir, ailələri mütəmadi qaydada ziyarət olunur və görüşlər keçirilir, onlar rayon səviyyəsində keçirilən tədbirlərə dəvət olunur, mövcud qayğı və problemləri ilə yaxından maraqlanılır və həlli istiqamətində zəruri tədbirlər görülür.

Tədbirdə iştirak edən şəhid ailələrinin nümayəndələri onlara göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığını qeyd edərək, şəhid övladlarının xatirəsinin yaşadılmasının onlar üçün böyük mənəvi dəstək olduğunu diqqətə çatdırmışlar.

Tədbirin sonunda xatirə şəkli çəkilmiş, şəhid ailələri ilə səmimi söhbət aparılmışdır.

Seçilən
37
qht.az

1Mənbələr