AZ

Paytaxtda 226 ATS vasitəsilə şəhər üzrə geniş rabitə infrastrukturuna nəzarət olunur - Açıqlama

Bakı, 10 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

Bakı şəhəri və ölkənin digər bölgələrində rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində modernləşdirmə işləri davam etdirilir. “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) tərəfindən həyata keçirilən layihələr əhalinin, dövlət və idarəetmə orqanlarının, eləcə də müxtəlif qurum və təşkilatların dayanıqlı stasionar telefon, genişzolaqlı internet və rəqəmsal multimedia xidmətləri ilə təmin edilməsinə yönəlib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq “Baktelecom”dan bildirilib.

Məlumata əsasən, “Baktelecom” ən müasir texnologiyalar əsasında Bakı şəhəri ərazisində stasionar telefon, yüksək sürətli internet, rəqəmsal TV və digər telekommunikasiya xidmətləri göstərir. Şirkətin şəbəkəsində fəaliyyət göstərən 226 ATS vasitəsilə şəhər üzrə geniş rabitə infrastrukturuna nəzarət olunur. Bu ATS-lər üzrə xidmət bölgüsü aşağıdakı kimi həyata keçirilir: böyük və kiçik tutumlu ATS-in 43 ədədi vasitəsilə 1 saylı Rabitə xidmətləri mərkəzi Nəsimi, Binəqədi, Yasamal və Səbail rayonları ərazisində; 34 ədədi vasitəsilə 2 saylı Rabitə xidmətləri mərkəzi Nəsimi, Nərimanov, Binəqədi, Səbail və Xətai rayonları ərazisində; 26 ədədi vasitəsilə 3 saylı Rabitə xidmətləri mərkəzi Nizami, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində; 47 ədədi vasitəsilə 4 saylı Rabitə xidmətləri mərkəzi Sabunçu və Suraxanı rayonları ərazisində; 36 ədədi vasitəsilə 5 saylı Rabitə xidmətləri mərkəzi Xəzər və Pirallahı rayonları ərazisində; 20 ədədi vasitəsilə 6 saylı Rabitə xidmətləri mərkəzi Qaradağ rayonu ərazisində; 20 ədədi ilə “AzEvroTel” MMC Səbail, Yasamal, Nəsimi rayonlarının ərazisində.

Paytaxtın bütün ərazilərində internet və stasionar telefon xidmətləri GPON texnologiyası əsasında fiber-optik şəbəkələr üzərindən təmin edilir. Modernləşdirmə prosesində köhnə mis kabel xətləri mərhələli şəkildə istismardan çıxarılır və onların yerinə yüksək ötürmə qabiliyyətinə malik fiber-optik kabellər quraşdırılır. Bu yenilənmə xidmətlərin stabil, sürətli və keyfiyyətli göstərilməsinə şərait yaradır”, - deyə məlumatda qeyd olunub.

Həmçinin, telekommunikasiya şəbəkəsinin təkmilləşdirilməsi yalnız paytaxtla məhdudlaşmır: “Regionlarda da son nəsil rabitə texnologiyalarının quraşdırılması, yüksəksürətli internet və multimedia xidmətlərinin genişləndirilməsi məqsədilə irimiqyaslı layihələr həyata keçirilir. Hazırda respublika üzrə dayanıqlı rabitə infrastrukturunun qurulması və müasir xidmətlərin əlçatanlığının artırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir”, - deyə məlumatda bildirilib.

Seçilən
149
azertag.az

1Mənbələr