AZ

300 manatın dərdi... Kağız üzərində minimum, həyatda maksimum çətinlik

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

300 manat… Kağız üzərində rəqəm kimi sakit görünür, amma real həyatın içində bu rəqəm çoxdan nəfəsi kəsilmiş bir məbləğdir. Milli Məclisin 2026-cı il üçün yaşayış minimumunu 300 manat olaraq qəbul etməsi xəbəri yayılandan bəri cəmiyyətdə bir sual dolaşır. Bu pulla indiki bahalıqda necə yaşamaq olar? Düzünü desək, cavabın axtarışı belə artıq bir növ istehza kimi səslənir.

Ən adi ehtiyacları təxminən hesablasaq, 300 manatın necə əriyib yoxa çıxdığını görmək üçün iqtisadçı olmağa gərək yoxdur. Bir ailənin aylıq bazarlığı, kommunal xərcləri, nəqliyyat, dərman və digər zəruri ehtiyacları artıq çoxdan bu çərçivəni aşır. İnsanlar bu rəqəmin “yaşayış minimumu” deyil, daha çox “yaşamaq üçün mübarizənin minimumu” olduğunu deyir. Hətta bəzən elə hiss olunur ki, sanki bu rəqəmlər insanların gündəlik həyatından yox, hansısa ideal laboratoriya şəraitindən çıxarılıb.

Üstəlik, qərardakı artımın cəmi 15 manat olması da insanlarda bir növ çaşqınlıq yaradır. Çünki bahalaşma templəri ilə müqayisədə bu 15 manat, real inflasiya fonunda demək olar ki, heç nədir. Hər gün bahalaşan ərzaq məhsulları, xidmət haqları və yeni tariflər fonunda bu artım insanın cibində hiss olunmayacaq qədər kiçikdir. Elə bil kiminsə çiyninə ağır yük qoyursan, sonra da üstünə bir kağız parçası atıb “bax, yükünü yüngülləşdirdim” deyirsən.

Bütün bunlara baxmayaraq, sənəd qəbul edildi, rəqəmlər təsdiqləndi və rəsmi şəkildə deyildi ki, 2026-cı ildə Azərbaycanda bir insan 300 manata yaşamalıdır. Ancaq əslində insanlar rəqəmlərlə deyil, reallıqla yaşayır. Reallıq isə belədir ki, bazarda qiymətlər yaşayış minimumuna uyğunlaşmır, əksinə, yaşayış minimumu bazardakı qiymətlərin çox gerisindən gəlir.

Bəzən düşünürəm ki, bu rəqəmlər müəyyən ediləndə, görəsən, kiminsə beynindən belə bir sual keçir mi ki, bir günlüyə belə bu məbləğlə yaşamağa cəhd etmək mümkündürmü? Çünki insanların dərdi təkcə dolanmaq deyil. İnsan kimi yaşamaq, özünə və ailəsinə minimum komfort təmin etmək istəyidir. Yaşayış minimumu isə insanın varlığını mövcud saxlamaq üçün nəzərdə tutulur, amma bu gün həmin “minimum” artıq varlığı belə çətinliklə qoruyur.

2026-cı il üçün qəbul edilən rəqəmlər iqtisadi göstəricilərin, statistika cədvəllərinin üzərində yaxşı görünə bilər. Amma insanların masaüstündə yox, mətbəxində, çörək növbəsində, aptek qarşısında baş verən reallıq tamam başqadır. Bu reallıqda 300 manat heç kimin həyatını yüngülləşdirmir sadəcə rəqəmlər siyahısında bir sətir kimi durur. Elə buna görə də sual aktual olaraq qalır ki, 300 manata indiki bahalıqda dolanmaq olarmı? Yox. Bu sualın cavabı nə iqtisadi, nə siyasi, nə də sosial izaha ehtiyac duyur. Cavab artıq insanların gündəlik həyatında açıq şəkildə görünür. Pul az, həyat isə bahalıdır. Bu qədər sadə.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
bizimyol.info

1Mənbələr