AZ

ABŞ Lukoil-lə bağlı qərar verdi

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Lukoil”in xarici aktivlərinə nəzarət edən Lukoil International GmbH (LIG) şirkətinin satışı ilə bağlı danışıqların aparılmasına imkan verən lisenziyanın müddətini 17 yanvar 2026-cı ilədək uzadıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə 10 dekabr tarixli sənəd Nazirliyin saytında dərc olunub.

“Lukoil” 22 oktyabrda ABŞ-ın sanksiya siyahısına salındıqdan sonra OFAC şirkətin xarici aktivlərini bloklanmamış hüquqi şəxslərə satmaq niyyətini nəzərə alaraq ilkin lisenziyanı 13 dekabradək vermişdi. Lisenziya danışıqlar aparılması, hüquqi və maliyyə yoxlamalarının keçirilməsi, eləcə də üçüncü tərəf məsləhətçilərinin cəlb edilməsinə icazə verirdi.

OFAC bildirir ki, “Lukoil” və ya LIG-in satışı üzrə şəffaf və səmimi danışıqlar aparmadığı təqdirdə lisenziya istənilən vaxt ləğv oluna bilər.

ABŞ Maliyyə Nazirliyi bundan əvvəl “Lukoil” və onun törəmə şirkətlərini yeni sanksiya paketinə daxil etmiş, şirkətə bu qurumlarla əməliyyatları başa çatdırmaq üçün bir ay vaxt vermişdi. Bundan sonra “Lukoil” beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlamışdı.

30 oktyabrda şirkət İsveçrə mənşəli neft treydi şirkəti Gunvordan Lukoil International GmbH-nin alınması ilə bağlı təklif aldığını bildirmişdi. Lakin Gunvor 7 noyabrda təklifini geri çəkdi. ABŞ Maliyyə Nazirliyi şirkətin Rusiya ilə bağlılığına diqqət çəkərək, müharibə davam etdiyi müddətdə Gunvor-a fəaliyyət lisenziyası verilməyəcəyini açıqlamışdı.

“Lukoil” hazırda 11 ölkədə aktivlərə malikdir. Bunlara Bolqarıstan, Rumıniya və Niderlandda neft emalı zavodları, Avropada yanacaqdoldurma məntəqələri, eləcə də Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, BƏƏ, Afrika və Latın Amerikasında hasilat layihələri daxildir.

Seçilən
30
nocomment.az

1Mənbələr