Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Odessada Rusiya Federasiyasının “kölgə donanması”na daxil olan və işğal olunmuş Krımdan qanunsuz şəkildə Ukrayna aqrar məhsullarının daşınmasında iştirak edən xarici yük gəmisini saxlayaraq həbs edib.
NOCOMMENT.az xəbər verir ki, SBU-nun məlumatına görə, gəmiyə sahiblik edən şəxs Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaları altında idi və bu məhdudiyyətləri aşmaq üçün gəmi mütəmadi olaraq adını və üçüncü ölkələrdən olan nominal benefisiarlarını dəyişib.
Odessaya isə guya Afrika ölkələrindən birinin bayrağı altında polad boruların daşınması məqsədilə gəldiyi bildirilib.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, gəmi genişmiqyaslı müharibədən əvvəl azı yeddi dəfə Sevastopol limanına daxil olaraq Rusiyanın maraqları üçün qanunsuz ixrac həyata keçirib. Həmçinin 2021-ci ilin yanvarında Krımdan Şimali Afrikaya təxminən 7 min ton taxılın qanunsuz daşındığı sənədlərlə sübut edilib.
Gəmi saxlanılan zaman bortda kapitan da daxil olmaqla Yaxın Şərqin bir neçə ölkəsinin vətəndaşı olan 16 ekipaj üzvü olub. Axtarış zamanı gəminin işğal olunmuş limanlara qanunsuz səfərlərini təsdiqləyən sənədlər və naviqasiya materialları tapılıb.
SBU istintaqı bir neçə maddə — o cümlədən dövlətə xəyanət və Ukraynanın ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi — üzrə cinayət işi açıb. Gəmi həbs edilib və korrupsiya və digər cinayətlər yolu ilə əldə edilmiş aktivlərin idarə olunmasını həyata keçirən ARMA-ya təhvil veriləcək.