AZ

"Dərsliklərdə gözü yormayan, sarı tonlu kağızlardan istifadə edilməlidir" - Ekspertdən TƏKLİF

"Dərsliklərin şagirdlərin oxuması baxımından dil və üslub çətinlikləri var və bunu biz uzun müddətdir qeyd edirik. Təbii ki, dərsliklər hazırlanarkən təklifimiz ondan ibarət idi ki, müvafiq fənlər üzrə komissiyalar formalaşdırılsın və həmin komissiyalarda müəlliflər də daxil olmaqla bütün mütəxəssislər Nazirlər Kabinetinin müvafiq qərarına əsaslanaraq dərsliklərin hazırlanmasını həyata keçirsinlər".

Bu fikirləri Redaktor.az-a təhsil mütəxəssisi Elçin Əfəndi dərsliklərdəki çətinliklərdən danışarkən bildirdi.

O vurğuladı ki, dərsliklərin dil baxımından anlaşıqlı olması əsas şərtdir:

"Nazirliyin və Nazirlər Kabinetinin qərarlarında da qeyd olunur ki, məlumatlar dəqiq, yığcam və başa düşülən dildə təqdim edilməlidir. Dərsliklər həm də şagirdlərin ziyanına olmamalıdır, məsələn, kağız seçimi belə düzgün edilməlidir. Əsasən gözü yormayan, sarı tonlu kağızlardan istifadə edilməlidir".

Mütəxəssis qeyd etdi ki, dərsliklər hazırlanarkən şagirdlərin yaş psixologiyası nəzərə alınmalıdır.

"Verilən mövzular onların oxuyub-anlaması baxımından çətinlik yaratmamalıdır. Məzmun şagirdlərin yaşına uyğun olmalı, elə ifadələrdən istifadə edilməlidir ki, şagirdlər onları anlaya bilsinlər. Məsələn, bəzi neologizmlər, arxaizmlər və ya tarixi terminlər şagirdlərin yaş səviyyəsinə uyğun seçilməlidir. Birinci təhsil pilləsində olan şagirdlər üçün neologizmlərin çox tətbiqi düzgün deyil, çünki onlar həmin sözləri anlamayacaqlar. Yuxarı pillələrdə isə yenə yaş amili nəzərə alınmalıdır.

Şagird oxuduğunu anlamalıdır. Hazırda oxuyub-anlama ilə bağlı problemlərin olduğu həm bizim, həm də Elm və Təhsil Nazirliyinin tez-tez vurğuladığı məqamdır. Buna görə də dərslik hazırlanarkən verilən mövzular, məzmun və izahlar şagirdlər üçün anlaşıqlı şəkildə tərtib edilməlidir ki, onlar nə oxuduqlarını dəqiq başa düşə bilsinlər", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
63
1
redaktor.az

2Mənbələr