AZ

Azərbaycan-Slovakiya strateji əməkdaşlığı Avropada yeni güc balansı formalaşdırır - Politoloq rəyi

Bakı, 10 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri Cənubi Qafqaz və Mərkəzi Avropa xəttində strateji tərəfdaşlığın yeni mərhələsini müəyyənləşdirməklə yanaşı, Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərində də çoxşaxəli əməkdaşlıq üçün geniş imkanlar açır. Regional və qlobal siyasi proseslərin dinamikası fonunda Azərbaycanın çoxvektorlu siyasəti ölkəmizin həm Avropada, həm də Avrasiya məkanında nüfuzunu gücləndirir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi üç əsas strateji xətt: enerji təhlükəsizliyi, müdafiə sənayesi və rəqəmsal əməkdaşlıq Azərbaycan-Slovakiya münasibətlərinin təməlini təşkil edir və hər iki tərəf üçün mühüm geosiyasi dividendlər vəd edir: “Azərbaycan və Slovakiya eyni dəyərləri bölüşən dost ölkələrdir və aralarındakı strateji tərəfdaşlıq münasibətləri çoxtərəfli əməkdaşlıq üçün ciddi potensial yaradır. İkitərəfli formatda səylərin birləşdirilməsi, ortaq proqramların işlənməsi və qarşılıqlı iqtisadi-siyasi dəstək həm Bratislava, həm də Bakı üçün böyük imtiyazlar təmin edir. Bu əməkdaşlıq Avropa İttifaqının özünə də əlavə imkanlar açır. Xüsusilə enerji təhlükəsizliyinin yenidən formalaşdığı bir dövrdə Azərbaycan-Slovakiya xətti sabitlik yaradan strateji sütundur”.

Politoloq əlavə edib ki, hazırda dünyada qlobalist və ultraqlobalist yanaşmalar arasında gedən rəqabət yeni siyasi nizamın formalaşmasına təsir göstərir və Avropa İttifaqının daxilində mərkəzdənqaçma meyilləri güclənir: “Slovakiya, Macarıstan və müəyyən dərəcədə Polşa kimi ölkələr milli maraqları önə çəkərək Brüsselin sərt mərkəzləşdirilmiş idarəçilik modelinə etiraz edirlər. Brüsselin bürokratik aparatının narahatlığına baxmayaraq, milli inkişaf proqramlarının güclənməsi Avropa üçün təhdid deyil. Bu mənada Azərbaycan da məhz milli maraqları prioritet edən dövlətlərlə həmrəydir”.

Tofiq Abbasov vurğulayıb ki, enerji generasiyası və süni intellektin inkişafı hazırda dünya siyasətində müəyyənedici amillər qismində çıxış edir. Enerji təhlükəsizliyi dövlətlərin bir nömrəli prioritetinə çevrilib. Eyni zamanda, süni intellekt və data bazalarının güclənməsi gələcəyin idarəetməsini müəyyən edəcək. Transmilli şirkətlər və qlobal iqtisadi güclər bu sahələrə böyük diqqət ayırır. Prezident İlham Əliyevin Bratislavada keçirilən görüşlərdə məhz bu məsələlərə xüsusi diqqət yetirməsi Azərbaycanın bu proseslərə gecikmədən qoşulmaq əzmini göstərir.

“Azərbaycan tərəfdaş axtarışında da prinsipial mövqeyə malikdir və Slovakiya kimi çevik texnoloji potensiala sahib dövlətlərlə əməkdaşlıq rəqəmsal inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Süni intellekt, data mərkəzləri və ortaq texnoloji müəssisələrin yaradılması hər iki ölkəni yeni mərhələyə çıxara bilər. Bu istiqamətdə birgə layihələr həm iqtisadi, həm də intellektual üstünlüklər yaradır. Dövlətlərin bu sahədə sinerji yaratması rəqabət qabiliyyətini artırır”, - deyə Tofiq Abbasov qeyd edib.

Onun sözlərinə görə, müdafiə sənayesində əməkdaşlıq da xüsusi əhəmiyyətə malikdir. Slovakiya Mərkəzi Avropada yerləşən stabil dövlətdir və hərbi-texniki əməkdaşlıq üçün etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan müharibə hazırlığı deyil, öz müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə qarşılıqlı layihələrə önəm verir. Slovakiya rəhbərliyi də Azərbaycanın təhlükəsizliklə bağlı həssaslığını anlayır və dəstəkləyir.

Ekspert əlavə edib ki, strateji kommunikasiyaların inkişafı və beynəlxalq dəhlizlər üzərində nəzarət bu gün qlobal rəqabətin əsas elementlərindəndir: “Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə reallaşmış unikal layihədir və bu gün bir çox Avropa ölkəsi ondan faydalanır. Kommunikasiya xətləri açıldıqca yeni yol infrastrukturu formalaşır, logistika şəbəkəsi genişlənir və iqtisadi canlanma təmin edilir”.

Tofiq Abbasov vurğulayıb ki, Azərbaycanın Avropa ölkələri, o cümlədən Slovakiya, Macarıstan, İtaliya və Polşa ilə əməkdaşlığının genişlənməsi təkcə iqtisadi sahədə deyil, həm də Cənubi Qafqazda sülh prosesinin irəliləməsində mühüm rol oynayır. Azərbaycan həm regional sabitliyin təmin olunmasında, həm də qlobal problemlərin həllində konstruktiv mövqe nümayiş etdirir. Bu da tərəfdaş ölkələrin Bakıya olan inamını artırır. Azərbaycan artıq beynəlxalq aləmdə praqmatik, rasional və uzaqgörən siyasət yürüdən dövlət kimi qəbul olunur. Ölkəmizin artan imkanları tərəfdaşlara da müsbət təsir göstərir. Prezident İlham Əliyevin islahatlara sadiqliyi və strateji baxışı Azərbaycanın beynəlxalq reytinqlərdə yüksəlməsini təmin edir. Bu səbəbdən Azərbaycanla əməkdaşlıq edən dövlətlərin sayı artır və bu proses gələcəkdə daha da genişlənəcək.

Seçilən
60
azertag.az

1Mənbələr