AZ

Dönərdən zəhərlənmə ilə bağlı ekspertdən SOS: Hərəkətə keçməsələr...

Gəncə şəhəri 16 nömrəli tam orta məktəbin şagirdləri dönərdən zəhərləniblər.

7 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Hüseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir. Məlumata görə, hazırda şagirdlərin vəziyyətləri normaldır. Faktla bağlı araşdırma aparılır.

Gəncədə 7 şagirdin dönərdən zəhərlənməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Qeyd edək ki, bundan əvvəl də bir neçə rayonda - Tovuzda, Zaqatalada, Şəmkirdə də kütləvi zəhərlənmə halları baş vermişdi.

AQTA tərəfindən "Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları" adlı texniki normativ hüquqi akt 2024-cü ildə təsdiqlənmişdi. Sənədin hazırlanmasında məqsəd dönərlə bağlı sanitariya gigiyena şəraitini ciddi tənzimləmək, "yüksək riskli iaşə məhsulu" olan dönərin hazırlanması, saxlanması və dövriyyəsində daha müasirləşmiş, təhlükəsizlik ehtiyaclarına uyğun standartlar yaratmaq idi.

Lakin görünən odur ki, bütün bunlara baxmayaraq, dönərdən zəhərlənmə halları yenə də davam edir. Xüsusilə rayonlarda bu hadisələrin kütləvi xarakter alması ciddi suallar doğurur: problemin kökü nədədir və niyə vəziyyət dəyişmir?

İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov Musavat.com-a dönərlə bağlı mövcud vəziyyəti dəyərləndirib.

O bildirib ki, orta statistikaya görə, rayonlarda və Bakıda dönərdən zəhərlənmə hallarının sayı eynidir. Xüsusilə uşaqlar və gənclər risk altındadır: dərsdən çıxan uşaqlar acqarına dönər yeyirlər və burada ketçup, mayonez kimi əlavə məhsulların da təsiri böyükdür.

eyyub

Eyyub Hüseynovun sözlərinə görə, valideynlər uşaqlarının mədə-bağırsaq xəstəliklərinə tutulmasının qarşısını almaq üçün diqqətli olmalıdırlar və onlara elə qida verməlidirlər ki, dönər yemək ehtiyacı yaranmasın.

Ekspert qeyd edib ki, dönərdən zəhərlənmənin səbəbi təkcə ət deyil:

"Ət göyərdikdə heyvanlar belə ona yaxın durmur. Mayonez, turşular və digər əlavələr zəhərlənmə riskini artırır. Üstəlik, gündən-günə saxlanılan dönərlər artıq çirklənmiş sayılır. Hətta soyuducuda saxlanması belə təhlükəsiz hesab edilmir, çünki ciddi mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər".

Eyyub Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə rasional nəzarət mexanizmi qura bilmir və zəhərlənmə halları davamlı olaraq baş verir:

"Çox vaxt problem yalnız ətlə əlaqələndirilir, amma həqiqət belə deyil. Texnoloji normalara əməl edilərək, təzə və düzgün seçilmiş ətlə hazırlanmış dönərin real bazar qiyməti orta hesabla 3-4 manat olmalıdır. Son 10 gündə dönərin qiymətinin artması müşahidə olunur, lakin qiymətin yüksəlməsi məhsulun keyfiyyətli olduğunu göstərmir".

Ekspert vurğulayıb ki, Azərbaycanda quş və mal ətinin şişə taxılıb 40°C-də şok dondurma prosedurundan keçirildikdən sonra xüsusi qablaşdırma ilə dönərxanalara çatdırılmasını təmin edən yalnız iki rəsmi müəssisə mövcuddur:

"Lakin dönər satışı ilə məşğul olan obyektlərin böyük əksəriyyəti bu müəssisələrdən məhsul almır və başqa mənbələrdən əldə edilən dönər kütləsinə sadəcə kağız yapışdıraraq guya markalı məhsul istifadə olunur deyirlər. AQTA-nın qəfil yoxlama mexanizmi praktikada sıfır səviyyədədir. Bu səbəbdən biznes qurumları qanunsuz fəaliyyətə yol açır".

Eyyub Hüseynovun fikrincə, DİN və AQTA birgə nəzarət mexanizmi qurmalı və bişən dönərin hansı şişə aid olduğunu, həqiqətən istehsalçıya məxsus olub-olmadığını müəyyən etmək mümkün olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr