AZ

Faiq İsmayılov: İşğalı dövründə Laçın rayonunun Hoçaz kəndi sürətlə erməniləşdirilib

Bakı, 10 dekabr, AZƏRTAC

1992–2025-ci illər ərzində Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalan Laçın rayonunun Hoçaz kəndi sürətlə erməniləşdirilib. Bu müddətdə kəndin memarlıq abidələrinin formaları dəyişdirilib və erməniləşdirilməyə çalışılıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, kəndin mərkəzində yerləşən, tikintisi XII–XIII əsrə aid olduğu ehtimal edilən Qafqaz Albaniyası dövrünə məxsus ikinəfli məbəd vandalizmə məruz qalıb. Abidənin ümumi ölçüsü 13,40×8,15 metr, divarlarının qalınlığı 105–110 santimetrdir. Cənub fasadındakı yazılı daş dəyişdirilib, binanın interyeri memarlıq quruluşu baxımından dəyişdirilərək orijinal görkəmdən məhrum edilib.

F.İsmayılov qeyd edib ki, 1992-ci il işğalından sonra Hoçaz kəndinin adı dəyişdirilərək müxtəlif formalarda — “Hunçak”, “Hoçany”, “Hoçes” — adlandırılıb. Kənd ərazisində I–II əsrlərə aid mağara məbəd, Qafqaz Albaniyası dövrünə aid məbədlər, bir çox daş divar yazıları, antik dövrlərə aid qala tikintisi, birnefli sovmə və süjet xarakterli daş oymalar, at və qoç fiqurları və digər bədii daş sənəti nümunələri mövcuddur.

Onun sözlərinə görə, tarixi məlumatlara görə, Hoçaz kəndinin etnik tərkibi bütün dövrlərdə azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Yaşayış evləri kahalardan, qara damlı evlərdən və sonralar müasirləşmiş tipik kənd evlərindən ibarət idi. Kənd ərazisində Alban dövrünə aid XII–XIII əsrlərə tarixləndirilən məbəd mövcuddur. Hoçaz kəndindən Anavad (Anabad) dərəsi istiqamətində yerləşən mağara kompleksi diqqəti cəlb edir. Mağaranın daxili hündürlüyü 5–6 metr, sahəsi isə 300–400 kvadratmetrdir. Daxildə daşdan yonulmuş taxt, şam yerləri, işıqlandırma üçün nəzərdə tutulmuş oyuqlar və keşikçi hücrələri olub. Ziyirik yalı ərazisində, kənddən təxminən 4 kilometr məsafədə “Div damları” adlanan, qədim insan mərkəzi kimi tanınan abidə yerləşir. Qızıl evi yolayrıcında kurqan qeydə alınəb. Oyuqlu yalı və Burcalı ərazisində iki kurqan mövcuddur. Rizvan yalı aşırımında yerləşən kurqan və Qivə bulağının yaxınlığında olan Pir kurqanı da kənd ərazisindəki abidələr sırasındadır. Bundan əlavə, Rüstəm ocağı piri, Köhnə Hoçaz qədim yaşayış yeri, Gavur təpəsi kurqanı, Hoçaz kəndi qarşısında yerləşən yal kurqan, eləcə də Qara kaha mövcuddur. Kənd ərazisində Qızıl evi nekropolu da qeydə alınıb. Tarixi-memarlıq irsinə daxil olan su və dəyirman təsərrüfatı nümunələri sırasında Hüseyinqulu bəyin dəyirmanı, Ramazanın dəyirmanı, Məşədi Əsgərin dəyirmanı və Qaraşın dəyirmanı xüsusi yer tutur.

 

 

Seçilən
47
azertag.az

1Mənbələr