AZ

Akif Əfəndiyev: Sənaye təhlükəsizliyi sahəsində normativ hüquqi baza yenilənib

Bakı, 10 dekabr, AZƏRTAC

Respublika üzrə təhlükə potensiallı obyektlərin yeni siyahısı müəyyənləşib. Siyahıda özündə risk ehtiva edən bütün sənaye sahələri əksini tapıb. Hazırda risk altında olan sahələrlə bağlı qanunvericilik aktlarının yenilənməsi də həyata keçirilir. O cümlədən dağ-mədən sənayesi, ayrı-ayrı sahələr üzrə yenilənmələr, eyni zamanda, standartların da beynəlxalq qaydalara uyğunlaşdırılması nöqteyi-nəzərindən işlər görülməkdədir. Bu məqam özlüyündə bu sahəyə diqqətin artırılmasının bariz nümunəsi və hazırda gündəmdə olan məsələdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin hüquq şöbəsinin müdiri Akif Əfəndiyev bildirib.

Onun dediyinə görə, indiyədək bu sahədə bir neçə normativ hüquqi akt hazırlanıb və qəbul olunub: “Sənaye təhlükəsizliyi anlayışına mövcud təhlükəsizliyin təmini, işçilərin həyatının qorunması, maşın mexanizmlərindən düzgün istifadə, istehsalın təhlükəsiz istismarının təşkil olunması daxildir. Bununla bağlı həm texniki, həm də hüquqi aspektlər nəzərə alınır. Son zamanlar sənaye təhlükəsizliyi sahəsinə diqqət artırılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2022-сü ildə Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təşkili ilə bağlı Koordinasiya Komissiyası yaradılıb. Təhlükə potensiallı obyektlərdə əsas sənaye risklərinin baş verəcəyi ehtimalı əsasında yaradılan komissiya Nazirlər Kabineti tərəfindən mərkəzi orqan olmaqla təşkil edilib. Son iki il ərzində çox mühüm nəticələr əldə olunmaqdadır. Belə ki, Koordinasiya Komissiyası fəaliyyətini əsasən üç istiqamətdə qurub. Birinci sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə monitorinqlərin aparılması yolu ilə bütün çatışmazlıqların aşkara çıxarılması, ikinci bu sahədə hazırda mövcud olan qanunvericilik bazasının təşkiləşdirməsi və yenilənməsi nəzərdə tutulub. Üçüncü məqam isə qiymətləndirmə və bütün bu çatışmazlar aradan qaldırılmasının optimallaşdırılması və aradan qaldırılması ilə əlaqəlidir. Fövqəladə Hallar Nazirliyi tərəfindən yaxın iki il ərzində bu sahələr tam diqqətlə araşdırılıb və müəyyən yeniliklər əldə olunub. Onlardan biri də, texniki təhlükəsizlik sahəsində mövcud olan normativ hüquqi bazaların yenilənməsidir”,-deyə o qeyd edib.

A.Əfəndiyev qeyd edib ki, bu sahəyə ayrılan diqqətin nəticəsi olaraq təhlükə potensiallı obyektlərdə və sənayə sahələrində insan həyatının tam qorunması təmin oluna bilər: “Təhlükəsizlik üzrə qanunvericiliyə baxsaq, burada əsas məqsəd təhlükə potensiallı obyektlərdə insan həyatının qorunması və ətraf mühitin mühafizəsidir. Təbii ki, bu məsələlər ayrı-ayrı müvafiq orqanlar tərəfindən nəzarətdə saxlanılır. Bu nöqteyi-nəzərindən də, bu gün keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsinin böyük əhəmiyyəti var”.

 

Seçilən
16
1
azertag.az

2Mənbələr