AZ

Nizami rayonun sakinlərindən ÇAĞRIŞ– “Bizi soyuqda qırırlar”

Nizami rayonunun Rüstəm Rüstəmov küçəsi ev 68 ünvanında yaşayan sakinlər istilik üzünə həsrət qalıblar. Binanın 60 sakini 4 gündür ki, istilik görmürlər.

Bina sakini Elxan Hüseynli bununla bağlı Musavat.com-a müraciət edib. Onun sözlərinə görə, sakinlər “Azəristiliktəchizat” ASC -yə zəng edib məlumat versələr də maraqlanan olmayıb:

“Birinci gün müraciət etdik, dedilər ki, sabah əlaqə saxlayacaqlar. Artıq iki gün keçib, heç kim zəng etmir. Bizimlə qonşu olan 66 nömrəli binanın istilik xəttində qəza olub, hazırda təmir gedir. Bundan əvvəl də eyni hal baş vermişdi. Orada 100-dən artıq mənzil var.
İki binanın istilik sistemi tamamilə təcrid olunub, istilik verilmir. Bazar günü istilik kəsildi, günün axırına kimi gözlədim, amma bərpa olunmadı. Qaynar xəttə zəng edirik, saymazyana yanaşırlar. Pul yığanda tez yığırlar, bəs bizi niyə soyuqda qırırlar? Belə havada adamın istiliyini kəsmək olarmı? Operatora deyirik ki, istilik yoxdur, reaksiya yoxdur”.


Elxan Hüseynli bildirir ki, vəziyyət yalnız bir binanı yox, hər iki binanın sakinlərini əhatə edir.

“Yağışlı havada kiminsə gəlib nəsə etməsinə də inanmıram. Əgər uzun müddət istilik olmayacaqsa, qoy bizə deyilsin, gedək evimizə soba alaq. Heç bir məlumat verilmir”.

Ekologiya.az bildirir ki, məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Musavat.com-a deyib ki, yaranmış problemlə bağlı araşdırma aparılacaq.

Seçilən
18
ekologiya.az

1Mənbələr