Bakı, 10 dekabr, AZƏRTAC
Hazırda qiymətləndirmə sistemində həllini gözləyən bir neçə vacib detal var. Birincisi, qiymətləndirmənin mahiyyətinə, fəlsəfəsinə olan baxış tamamilə dəyişməlidir. Qiymətləndirmə şagirdin hər hansı fənn üzrə yalnız informativ xarakterli tapşırıqların həllindən sonra ona şamil edilən mexanizm olmamalıdır. Bugünkü qiymətləndirmə təhsilin əsas missiyasının tələblərinə, kurikulumun əsas şərtlərinə görə tətbiq edilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elmin Nuri söyləyib. Ekspert bildirib ki, tapşırıqların, testlərin həllindən sonra şagirdə tətbiq edilən qiymətləndirmələr yerini başqa prinsiplərə verməlidir. Məsələn, yüksək qiymətləndirmə fizika dərsində bütün qayda və tərifləri əzbərdən bilən şagirdə yox, elektrik lampasına hər hansı dəyişikliklə bağlı elementar səviyyədə də olsa nəsə təklif edən və onun praktikiliyini əsaslandıran şagirdə tətbiq olunmalıdır. Hazırda təhsil quru akademizm, ifrat nəzəriyyədən tamamilə kənar müstəvidə inkişaf edir və modern qiymətləndirmə də bu inkişaf tempinə görə dəyişməlidir.
“Qiymətləndirmə prosesi ilə bağlı dəyişməsi vacib digər məsələ isə məktəbdaxili qiymətləndirmələr - Böyük Summativ Qiymətləndirmə (BSQ) və Kiçik Summativ Qiymətləndirmələrlə (KSQ) bağlıdır. Bir neçə ildir ki, müəllimlər, valideynlər, hətta məktəb rəhbərliyi məktəbdaxili qiymətləndirmələrin əlavə yük olduğunu, əlavə stres olduğunu, nəsə bir tramplin xarakterinin olmadığını deyirlər və aradan qaldırılmasını istəyirlər. Birinci siniflərdə isə ümumiyyətlə summativ olmamalıdır. Biz təhsil prosesində şagirdin psixologiyasını öyrənməliyik. Təhsil psixoloji prosesdir. Təhsil təkcə öyrənmə prosesi deyil. Təhsil ona görə təhsildir ki, o zehni proseslə psixoloji prosesin sintezindədir. Biz psixoloji amilləri nəzərə almırıq. Bu gün oyuncaq mühitindən çıxan I sinif uşağı onsuz da dərs tapşırıqları ilə yüklənib. Bizim erkən təhsilimizdə beynəlxalq təcrübədən fərqli olaraq oyunəsaslı motivlər yoxdur. 6 yaşlı uşağın psixologiyasına, zehninə yönəlik tapşırıqlar yoxdur. Akademik yanaşmalardır və bu uşağı yorur. Heç olmasa, belə olan təqdirdə BSQ və KSQ-ləri aradan qaldırmalıyıq”, - deyə ekspert vurğulayıb.