AZ

BMT Baş katibi: Qlobal miqyasda insan hüquqlarına qarşı kobud etinasızlıq mövcuddur  

Son illərdə dünyada insan hüquqlarına qarşı kobud etinasızlığın nümayiş etdirildiyi ciddi pozuntular müşahidə olunub.

BMT Baş katibi Antonio Quterreş bunu 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə  X şirkətinin sosial media hesabında yazıb. 

" Son illərdə hüquqlara qarşı kobud etinasızlığın və əzablara qarşı laqeydliyin nümayiş etdirildiyi ciddi pozuntular müşahidə olunub", - deyə təşkilatın rəhbəri qeyd edib. A. Quterreş dünya ictimaiyyəti ədalətsizliyə qarşı birləşməyə çağırıb.

İnsan Hüquqları Günü hər il  dekabrın 10-da bütün dünyada qeyd olunur. Bu gün dünyanın ən əhəmiyyətli qlobal öhdəliklərindən biri olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsini qeyd edir. 

Bu əlamətdar sənəd irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər fikirlərindən, milli və ya sosial mənşəyindən, əmlakından, doğumundan və ya digər statusundan asılı olmayaraq hər bir insana xas olan ayrılmaz hüquqları elan edib. 

Bəyannamə BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə Parisdə qəbul edilmişdir. 

Bəyannamədə ilk dəfə olaraq universal qorunmaya tabe olan fundamental insan hüquqları ifadə edilmişdir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
72
azerbaijan-news.az

1Mənbələr