AZ

Elnur Mustafayev: İskəndəriyyə kitabxanasında Məsud Şirvaninin əlyazma əsəri xüsusi yer tutur

Bakı, 10 dekabr, AZƏRTAC

Dünyanın ən böyük kitabxanalarından biri olan İskəndəriyyə kitabxanasının ən zəngin fondlarından biri də əlyazmalar bölməsidir. Bu bölmənin fondunda müxtəlif dillərdə 10 mindən çox əlyazma əsərləri mühafizə edilir. Sevindirici hal ondan ibarətdir ki, sərgi salonunda məhdud sayda xüsusi guşələrə qoyulmuş nadir kitablar arasında azərbaycanlı alimlərin müxtəlif mövzularda yazdığı əlyazma əsərlərinə də rast gəlmək mümkündür. Məsud ibn Hüseyn Şirvaninin (vəfatı 1500) “Haşiyatu əl-Şirvani alə şərhil-Kati li-İsağuçi” əsəri bu əlyazmalar içərisində xüsusi yer tutur.

Bunu AZƏRTAC-a açıqlamasında Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev söyləyib.

Alim bildirib ki, əsər məşhur neoplatonçu filosof Porfiriusun (233-301) “Müqəddimə” əsərinə orta əsr müsəlman alimi Hisaməddin Həsən əl-Katinin (vəfatı 1359) yazdığı şərhə haşiyədir. Haşiyənin müəllifi Məsud Şirvaninin doğum tarixi dəqiq məlum deyil, lakin Əlişir Nəvai özünün “əl-Məcalis” əsərində alimin XV əsrdə Şirvan vilayətində göz açdığını qeyd edir. Nəvai təzkirə əsərində Şirvaninin fəlsəfə, məntiq və rasional elmlərdə böyük bilikləri ilə yanaşı, gözəl əxlaqa və zöhdə sahib olduğunu vurğulayıb. Dövrün digər qaynaqlarında Şirvaninin daha sonralar Herat şəhərinə köçdüyü, orada fəaliyyət göstərən Gövhərşad Bəgum və Qiyasiyyə mədrəsələrində dərs dediyi qeyd edilib. Mənbələrdə, həmçinin azərbaycanlı alimin Hicri-qəməri 905, Miladi 1500-cü ildə Herat şəhərində vəfat etdiyi və “Pir sisəd sal” (Üç yüz illik pir) qəbiristanlığında dəfn olunduğu vurğulanıb.

Elnur Mustafayev qeyd edib ki, Məsud Şirvaninin İskəndəriyyə kitabxanasında qorunan “Haşiyə” əlyazma əsəri hicri-qəməri 1100, Miladi 1689-cu ildə üzü köçürülüb. Əlyazmanın ölçüsü 15 x 20.5 santimetr, hər səhifəsi 17 sətirdən ibarət olmaqla 106 səhifədir. Əsərdə Porfiriusun məntiq problemlərinə dair bir sıra mürəkkəb mövzular Şirvani tərəfindən şərh edilib. O, məntiq elminin hüdudlarına daxil olan cinslər, növlər, cins və növlər arasındakı fərqlər məsələsinə toxunub, məntiq elmi ilə bağlı digər problemlərə geniş ölçüdə izahlar gətirib.

“Azərbaycanlı alimlərin dünyanın müxtəlif kitabxanalarında qorunan əlyazma əsərlərinin aşkarlanması Azərbaycan mədəniyyətinin və onun elmi irsinin nə qədər böyük olduğuna dəlalət edir. Azərbaycan əlyazma abidələri xalqımızın dünya mədəniyyəti tarixinə bəxş etdiyi ecazkar maddi-mədəni xəzinədir. Xalqımızın düşüncəsini, həyat tərzini və tarixi keçmişini özündə əks etdirən dastanlar, alimlərin bədii və elmi əsərləri məhz əlyazmalar şəklində hazırlanıb və əsrlərdən keçərək bu günümüzə qədər gəlib çatıb. Buna görə də əlyazmalar Azərbaycan və Şərq tarixi mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin öyrənilməsi üçün zəngin bir mənbədir. Azərbaycan xalqının mədəniyyət xadimlərinin qədim dövrlərdən başlayaraq zəmanəmizədək yazıb-yaratdıqları elm və ədəbiyyat abidələri ölkəmizin coğrafi ərazisi ilə məhdudlaşmayaraq, bütün dünyaya yayılmışdır”, - deyə alim vurğulayıb.

Seçilən
99
azertag.az

1Mənbələr