AZ

Forumda süni intellekt və rəqəmsal transformasiya müzakirə olundu

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində 9 dekabr tarixində Bakıda keçirilən Forumda “SİNAM” şirkətinin biznes analitiki Nurlan Əliyev süni intellekt və rəqəmsal transformasiya mövzusunda çıxış edib.

QHT.az xəbər verir ki, Nurlan Əliyev çıxışında süni intellektin hazırda bütün dünyada iqtisadiyyat, idarəetmə və xidmət sahələrinin əsas dəyişdirici gücünə çevrildiyini bildirib. Onun sözlərinə görə, süni intellekt qərarların daha dəqiq verilməsinə, əməliyyat xərclərinin azaldılmasına, insan resurslarından daha səmərəli istifadəyə, müştəri və vətəndaş münasibətlərinin sürətlənməsinə, eyni zamanda şirkətlərin rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir:

"Azərbaycanda süni intellekt rəqəmsal transformasiyanın əsas mərhələlərindən biri kimi qəbul olunur. Son illər ölkədə rəqəmsal xidmətlərin əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayan spiker ASAN xidmət modelini, elektron hökumət portallarını, bank və özəl sektorun rəqəmsallaşdırılmasını, eləcə də müəssisələrdə ERP və digər idarəetmə sistemlərinin tətbiqini bu sahədə mühüm baza kimi dəyərləndirib. Bir çox dövlət qurumlarında süni intellektdən artıq aktiv istifadə olunur. Vergi və gömrük sistemlərində risk analitikası, nəqliyyat sahəsində kameralar vasitəsilə məlumatların emalı, sosial müdafiə və qiymətləndirmə mexanizmləri bu sahədə inkişafın bariz nümunələridir".

Nurlan Əliyev bildirib ki, hazırda Azərbaycan süni intellekt sahəsində başlanğıc mərhələdə olsa da, doğru inkişaf yolundadır. O, qeyd edib ki, artıq süni intellekt Azərbaycanda rəsmi dövlət strategiyası səviyyəsində qəbul olunub və 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası Prezidentin sərəncamı ilə təsdiqlənib.

 

Pərvanə Fərhadqızı

Seçilən
93
qht.az

1Mənbələr