AZ

“Bakı Dialoqları” jurnalının 2025-ci il payız buraxılışı nəşr olunub

Bakı, 10 dekabr, AZƏRTAC

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük ingilisdilli nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının payız buraxılışı işıq üzü görüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, buraxılışda geosiyasət, regional təhlükəsizlik və enerji transformasiyası kontekstində aparılan müzakirələri əks etdirən analitik məqalələr yer alır.

Buraxılışın aparıcı məqalələrindən biri ABŞ Hərbi Dəniz Qüvvələri Kollecinin professoru Nikolas K. Qvozdev tərəfindən qələmə alınmış “Trump’s ‘Business Diplomacy’ in the Caucasus” adlı analitik yazıdır. Məqalə ABŞ administrasiyasının Cənubi Qafqazda sülh və əməkdaşlığı irəlilətmək üçün tətbiq etdiyi yeni “biznes diplomatiyası” modelinin məntiqini və TRIPP çərçivəsinin mümkün təsirlərini araşdırır.

Regional geosiyasi vizyonların müqayisəsinə həsr olunmuş digər əsas məqalə İnkişaf və Diplomatiya İnstitutunun baş elmi işçisi Nərgiz Əzizovanın “The 3Bs Framework: Brussels- Baku-Beijing” adlı yazısıdır. Müəllif bu məqalədə Avropa İttifaqı, Azərbaycan və Çin arasındakı geoiqtisadi qarşılıqlı təsirlərin İpək Yolu regionunda yeni güc formalaşdırdığını göstərir.

Buraxılış, həmçinin böyük güclər arasında rəqabətin mümkün istiqamətlərinə həsr olunmuş Çingiz Məmmədovun “Will the Chinese Dragon Outfly the American Eagle?”adlı məqaləsini təqdim edir. Yazıda Çin–ABŞ rəqabətinin İpək Yolu regionu üçün yaratdığı yeni reallıqlar və risklər analiz olunur.

Azərbaycanın xarici siyasətində artan çoxtərəflilik və balanslaşdırma yanaşması isə Fərid Şükürlü və Cozef Şumunov tərəfindən hazırlanan “Azerbaijan's Active Non-Alignment” məqaləsində geniş şəkildə şərh edilir.

Jurnalın enerji geoiqtisadiyyatına həsr edilmiş bölməsi üç mühüm məqalə ilə təmsil olunur. Artem Kraşakov “Azerbaijan’s All-of-the-Above Energy Strategy” adlı məqaləsində ölkəmizin enerji təhlükəsizliyinə bütün istiqamətləri əhatə edən yanaşmasını araşdırır. Füzuli Əliyev isə “Baku’s Green Finance Policy” adlı yazısında Azərbaycanın yaşıl maliyyə təşəbbüslərinin regional dayanıqlı inkişafda rolunu təhlil edir. Enerji siyasətinin Avropa perspektivi isə Samuel Furfarinin “The Evolution of the EU’s Regulatory Role in Energy” məqaləsində əksini tapır.

Jurnalın tam versiyası ilə tanış olmaq və yükləmək üçün bakudialogues.ada.edu.az saytına daxil ola bilərsiniz.

 

Seçilən
56
2
azertag.az

3Mənbələr