Çox böyük məbləğdə pulu heç kəsi nəinki öldürmədən və ya yaralamadan, hətta hədə-qorxu gəlmədən, heç bir silahdan, hətta cib bıçağından istifadə etmədən oğurlamaq mümkündürmü? İndi buna yəqin ki, hamı müsbət cavab verər və internet üzərindən nağdsız məbləğin oğurlanmasını nəzərdə tutar.
Amma haqqında danışacağımızhadisə vaqe olub internetin olmadığı 1968-ci ildə. Özü də nağd pul oğurlanıb. Həm də daşınan zaman bank işçilərinin gözü qarşısında oğurlanıb. Üstəlik, dediyim kimi, heç kəsi öldürmədən, yaralamadan, hədələmədən, silahdan istifadə etmədən oğurlanıb.
***
Tokio yaxınlığında yerləşən Kokubunji şəhərində “Nippon Trust Bank” (indi: Mitsubishi UFJ Trust and Banking) filialının müdiri 1968-ci il dekabrın 6-da bir məktub aldı. Məktubdakı mətnin bəzi yerləri əllə yazılmışdı, bəzi yerləri isə çap məhsulundan kəsilən hərflərdən tərtib olunmuşdu.
Yazını oxuyan müdirin ürəyi çırpınmağa başladı. Məktub müəllifi ondan bankın xanım əməkdaşını 3 milyon yenlə sabah saat 17:00-da göstərilən yerə göndərməyi tələb edirdi. Əks halda müdirin evinin və rəhbəri olduğu filialın partladılacağı deyilirdi.
Qısa götür-qoydan sonra müdir polislə əlaqə saxladı və məsələni danışdı. Ertəsi gün göstərilən yerdə mülki formada 50 polis gəzişirdi. Amma guya pulu gətirən qıza (o da polis idi) kimsə yaxınlaşmadı. Polis hadisəni arxasında bir şey durmayan xuliqanlıq kimi qiymətləndirərək boş verdi.
Bununla belə, yaddan çıxarmaq olmaz ki, 1968-ci il müasir tarixdə xüsusi yer tutur. Fransadakı “Qırmızı may” hərəkatı bir çox ölkələrdə ciddi əks-səda doğurmuşdu. Gənclər mövcud sistemə qarşı üsyan edirdilər və bu zaman əsas nifrət obyektlərindən biri də banklar idi. Ona görə də filial müdiri və əməkdaşları hadisəni polis qədər kiçiltmədilər.
***
Məktubdan dörd gün sonra, dekabrın 10-da filialın dörd əməkdaşı “Tokyo Shibaura Electric” (indi: Toshiba) şirkətinin Fuçü şəhərində yerləşən zavodunun əməkdaşlarının illik mükafatı kimi nəzərdə tutulan 294 milyon 307 min 500 yen məbləğində pulu səhər 09:15-də bankdan götürüb yola düşdülər. Onlar xüsusi avtomobildən deyil, adi “Nissan Cedrik”dən istifadə edirdilər. Pullar üç düralümin çamadana yerləşdirilərək yük yerinə qoyulmuşdu.
