AZ

Bir banka turşu – dörd can: Səssiz ölümə aparan TƏHLÜKƏ

Bərdədə bir ailənin dörd üzvünün pomidor turşusundan zəhərlənməsi yenidən turşu-şoraba təhlükəsini gündəmə gətirib. Hadisə Xanərəb kəndində baş verib. 1968-ci il təvəllüdlü Vüqar Əliyev, həyat yoldaşı Elza Əliyeva, oğlu Şəmistan Əliyev və onun həyat yoldaşı Təhminə Əliyeva evdə hazırlanan pomidor turşusundan sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Gənc qadının vəziyyətinin ağır olduğu bildirilir. Qış mövsümündə təzə tərəvəz az tapıldığı üçün turşu-şorabadan geniş istifadə olunması bu cür riskləri daha da artırır. Ən təhlükəli məqam isə bu məhsullarda gizlənən və ölümə qədər aparan botulizm təhlükəsidir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan tibb elmləri namizədi, toksikologiya üzrə mütəxəssis, doktor Azər Maqsudov bildirib ki, botulizm əsasən hava ilə təmas etmədən bağlanan ev konservlərində inkişaf edir və çox az miqdarı belə insan həyatı üçün ölümcül ola bilər.

Onun sözlərinə görə, zəhərli turşunu bəzən dadla ayırd etmək mümkün olmur:

“Ən təhlükəli xüsusiyyət odur ki, botulizm toksini nə dadı dəyişir, nə də qoxu verir. İnsan bankanı açanda turşu normal görünür, amma faktiki olaraq zəhərli ola bilər. Bununla belə diqqət edilməli vizual əlamətlər də var: bankanın qapağının şişməsi, qaz çıxması, bulanıqlıq, köpüklənmə, tərəvəzin rənginin qaralması və ya yumşalması ciddi risk siqnalıdır. Belə məhsul qətiyyən dadılmamalı, dərhal atılmalıdır”.

Toksikoloqun sözlərinə görə, botulizmin ilk əlamətləri adətən yeməkdən 6–24 saat sonra ortaya çıxır:

“Ürəkbulanma, qusma, qarın ağrısı, görmənin zəifləməsi, iki görmə, udma çətinliyi, ağız quruluğu və tənəffüs problemləri baş verir. Bu mərhələdə vaxt itirilmədən xəstəxanaya müraciət olunmasa, nəticə ağır ola bilər. Botulizm sinir sistemini iflic edir və xəstə süni tənəffüs aparatına bağlanacaq vəziyyətə qədər çata bilər. Ev şəraitində müalicə mümkün deyil”.

Azər Maqsudov evdə hazırlanan turşuların təhlükəsizliyi ilə bağlı da vacib məqamlara diqqət çəkir.

Onun sözlərinə görə, ən böyük risk düzgün sterilizasiya aparılmayan bankalardadır:

“Bankalar və qapaqlar mütləq qaynar suda sterilizə edilməli, turşunun tərkibində kifayət qədər sirkə və ya duz olmalıdır. Az duzlu, ‘şirin turşular’ botulizm üçün ən əlverişli mühit yaradır.

Xüsusilə pomidor, badımcan, göbələk, lobya kimi tərəvəzlər yüksək risk qrupuna daxildir”.

Mağazada satılan turşularla evdə hazırlananlar arasında fərqə gəlincə, toksikoloq bildirir ki, sənaye üsulu ilə hazırlanan məhsullar laborator nəzarətdən keçdiyi üçün nisbətən daha təhlükəsiz sayılır:

“Ev turşularında isə bütün məsuliyyət birbaşa vətəndaşın üzərinə düşür. Ev turşuları düzgün hazırlanarsa, təhlükəsiz ola bilər, amma bir çox hallarda insanlar sterilizasiya qaydalarına əməl etmir, ölçünü gözəyarı tutur, nəticədə bankada ölümcül toksin formalaşır”.

Seçilən
19
nocomment.az

1Mənbələr