“Trump Accounts” uşaqlar doğulan kimi 1 000 dollar “başlanğıc kapitalı” verir, bu vəsait qiymətli kağızlar (stok) bazarında investisiya olunur və uzunmüddətli perspektivdə uşaq üçün kapital hesabı formalaşır. Model eyni zamanda ailələrin, xeyriyyəçilərin və ya gələcəkdə dövlətin əlavə köməyi ilə investisiyanı böyütmək, uşağın 18 yaşından sonra istifadə edə biləcəyi kapital yaratmaq imkanı verir. Bu model əgər uğurlu olarsa, uzunmüddətli var-dövlətin formalaşmasına, gələcək nəsillər üçün sosial bərabərliyi təşviq edə bilər”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:
“Ancaq Azərbaycanda belə modelin tətbiqi üçün konkret çətinliklər var. Dövlət büdcəsinin prioritetləri, Azərbaycanda hazırda investisiyaların təşviqi əsasən şirkətlər və iqtisadi layihələr üzərində cəmlənib, şəxsi investisiya və sosial yardım tipli model geniş yayılmayıb. Məsələn, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi mexanizmləri əsasən biznes subyektlərinə yönəlib.
ABŞ-də belə hesablar indeks fondlara yatırım edir, bu, həm investor bazarının kifayət qədər inkişaf etmiş olmasını, həm də vətəndaşların investisiya riskini və uzunmüddətli planı qəbul edə bilməsini tələb edir.
Azərbaycanda bu cür geniş miqyaslı “gənç investisiya mədəniyyəti” hələ formalaşmayıb. Yəni fond, qiymətli kağızlar bazarı primitiv inkişaf mərhələsindədir. Hər adam gedib səhm alıb, sata bilmir”.
A.Nəsirli qeyd edir ki, sosial–iqtisadi bərabərlik və bölüşdürmə problemləri var.
“Belə bir sistem, əgər hamıya yox, yalnız müəyyən qruplara (məsələn, aşağı gəlirli ailələrə) verilsə, sosial ədalət baxımından müzakirə mövzusu olar. Eyni zamanda, dövlət bu cür təşəbbüs üçün stabil maliyyə resurslarına malik olmalıdır. Bu, büdcə və prioritetlər baxımından risk yarada bilər.
Belə “uşaq investisiya hesabı”nın açılması, saxlanması, investisiyaya yönəldilməsi və gələcəkdə istifadəsi üçün qanunvericilik və nəzarət mexanizmləri lazımdır. Hazırda Azərbaycanda belə genişmiqyaslı mexanizm, xüsusən uşaq doğulan kimi “hesab, investisiya və gələcək istifadə” sisteminə dair açıq məlumat yoxdur”.
A.Nəsirli əlavə edir ki, nəticə olaraq belə model təsəvvür edilə bilər, amma reallıqda çətinlik çoxdur.
“Nəzəri baxımdan Azərbaycan hökuməti ABŞ-dakına bənzər model hazırlaya bilər: doğulan uşaqları investisiya hesabları ilə təmin etmək, uzunmüddətli investisiya, sosial kapital yaradar. Bu, xüsusilə sosial bərabərliyin artırılması və gələcək generasiyaların maliyyə sabitliyi üçün maraqlı olar. Lakin praktiki cəhətdən, büdcə, investisiya bazarı, qanunvericilik, ictimai qəbul və prioritetlər baxımından asan olmayacaq.
Məncə, belə bir ehtimal üçün ilkin addım, geniş ictimai və siyasi diskussiya, investisiya bazarının gücləndirilməsi, vəsaitin idarə edilməsi üçün şəffaf mexanizmlərin hazırlanması olar”.
Aynurə İsmayıl
KONKRET.az