İqtisadçı-analitik, professor Elşad Məmmədov QHT.az- a aktiv məşğulluq sahəsində həyata keçirilən dövlət siyasəti ilə bağlı açıqlama verib.
Professor bildirib ki, Azərbaycanda reallaşdırılan sosial müdafiə tədbirləri çərçivəsində aktiv məşğulluqla bağlı yanaşmalar prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Onun sözlərinə görə, bu sahədə görülmüş işlər artıq müsbət nəticələrin əldə edildiyini deməyə əsas verir:
“Ardıcıl şəkildə müvafiq siyasət davam etdirilməlidir. 2026-cı illə bağlı proqnozlar, o cümlədən İşsizlikdən Sığorta Fondunun büdcəsində gözlənilən artımlar onu göstərir ki, aktiv məşğulluq siyasəti prioritet olaraq qalacaq. Bu, müsbət hal kimi dəyərləndirilməlidir. Mövcud proqnozlara əsasən, 2026-cı ildə 450 minədək şəxsin aktiv məşğulluq proqramlarında iştirakı nəzərdə tutulur".
Professor bunun həm sosial dəstək baxımından, həm də iqtisadi fəallığın və ümumi iqtisadi artımın stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Pərvanə Fərhadqızı