ABŞ şirkəti “Intel” 16 il əvvəl mikrosxem bazarında dominant mövqedən sui-istifadəyə görə tətbiq edilən 1,1 milyard dollarlıq rekord cərimənin tam ləğvindən sonra, Avropa Komissiyasının tətbiq etdiyi cərimənin 140 milyon avro azaldılmasına nail olub. Bu barədə”Bloomberg” agentliyi məlumat verib.
Avropa Məhkəməsinin hakimləri şirkətin bazarda dominant mövqedən sui-istifadə etdiyini təsdiqləyən Avropa Komissiyasının 2023-cü il qərarını qüvvədə saxlayıblar, lakin bildiriblər ki, əvvəlki tənzimləyici cərimə 376,36 milyon avrodan daha 140 milyon avro (163 milyon dollar) azaldılmalıdır. Məlumatda qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi 237,1 milyon avroluq cərimə “pozuntunun ciddiliyini və müddətini daha dəqiq əks etdirir”.
İki il əvvəl Avropa rəqabət tənzimləyiciləri “Intel”ə azaldılmış cərimə tətbiq etmişdi, çünki Aİ Məhkəməsi şirkətə qarşı 1,1 milyard dollarlıq əvvəlki cəriməni ləğv etmişdi.
2009-cu ildə Avropa Komissiyası “Intel”ə satışları artırmaq məqsədi ilə guya qanunsuz endirimlər təklif etdiyi üçün milyardlıq cərimə tətbiq etmişdi. Şirkət bu qərarı 2017-ci ildə verdiyi apellyasiya vasitəsilə ləğv etdirə bilmişdi. Lakin 2022-ci ildə Avropa Komissiyası ümumi yurisdiksiya məhkəməsinin qərarından şikayət edərək Aİ Məhkəməsinə apellyasiya vermişdi. Brüssel müəyyən etmişdi ki, “Intel” rəqibləri bazardan kənarlaşdırmağa yönəlmiş və Aİ rəqabət qaydalarını pozan bir sıra anti-rəqabət praktikaları tətbiq edib.