Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Könüllülük proqramı”nın açılış tədbiri keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, proqramın əsas məqsədi elmi-praktik, mədəni tədbirlərin təşkilinə töhfə vermək, həmçinin dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində könüllü mübadilə proqramları həyata keçirməkdən ibarətdir.
DİA-nın rektoru akademik Urxan Ələkbərov çıxışında vurğulayıb ki, könüllülük hərəkatı cəmiyyətdə həm sosial həmrəyliyin gücləndirilməsində, həm də vətəndaşların fəal mövqeyinin formalaşdırılmasında mühüm rol oynayır. Azərbaycan gənclərinin ictimai proseslərdə fəal iştirakının təşviqi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və Dövlət İdarəçilik Akademiyası bu siyasətin həyata keçirilməsinə töhfə verən aparıcı təhsil müəssisələrindən biri olaraq üzərinə düşən missiyanı ardıcıl şəkildə yerinə yetirir.
Akademik qeyd edib ki, könüllü fəaliyyət təkcə fərdi inkişaf üçün deyil, həm də cəmiyyətin institusional gücünün artması üçün strateji əhəmiyyət daşıyır. Bu fəaliyyət gənclərdə liderlik, komandada işləmək, məsuliyyət daşımaq, təşəbbüskarlıq kimi mühüm səriştələrin formalaşmasına şərait yaradır.
“Könüllülər cəmiyyətin ən dinamik hissəsini təşkil edir və onların sosial layihələrə cəlb edilməsi həm dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında etimad mühitini gücləndirir, həm də yeni idarəetmə mədəniyyətinin formalaşmasına töhfə verir”, – deyə akademik Urxan Ələkbərov bildirib. O əlavə edib ki, DİA-nın “Könüllülük proqramı” çərçivəsində tələbələrin dövlət qurumları ilə birgə müxtəlif sosial, elmi-praktik və mədəni layihələrdə iştirakı onların bilik və bacarıqlarını artıracaq, gələcək karyeraları üçün təcrübə qazanmağa imkan verəcək. Proqramın qarşısında duran əsas vəzifələrdən biri də könüllülüyün davamlı və sistemli şəkildə təşkili, könüllülərin potensialının üzə çıxarılması və onların dövlət idarəçiliyi sahəsinə inteqrasiyasına dəstək verməkdir.
Tədbir zamanı DİA-nın Məzunlarla iş sektorunun müdiri Anar Şükürov, Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsinin əməkdaşları Murad Həsənxanlı, Gülputa Şirinova, DİA Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə, “Qırmızı Ürəklər Fondu”nun Himayəçilik Şurasının üzvü Günay Məsimova, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin departament müdiri Miraqil Seyidzadə, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin sədri Cavad Cavadlı, “İslahat Könüllüləri” layihəsinin rəhbəri Nailə Cəfərova, Vəkillər Kollegiyasının “Femida könüllüləri” təşkilatının sədri Salman Vahabov könüllük fəaliyyətinin həyata keçirilməsi və əhəmiyyəti haqqında öz təcrübələrini bölüşüblər. Eyni zamanda, bir qrup gənc könüllülük proqramının gənclər üçün əhəmiyyəti haqqında fikir mübadiləsi aparıb.