Bərdə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan şagirdlər qış rejiminə keçidə baxmayaraq mərkəzləşdirilmiş istilik sisteminin hələ də işə salınmamasından narazılıq edirlər. Ajans.az-ın əldə etdiyi məlumata görə, noyabrın 15-dən etibarən təhsil müəssisələrində istilik sistemləri qış rejiminə uyğun olaraq fəaliyyət göstərməli olsa da, mərkəzdə sinif otaqları soyuq olaraq qalır. Şagirdlər bildirirlər ki, aşağı temperatur dərs prosesinə mənfi təsir göstərir və uzun müddət bu şəraitdə təhsil almaq çətinlik yaradır. Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, istilik sistemi artıq bərpa olunub. “Mərkəzdə uzun müddət aktual olan istilik sistemi problemi artıq tam həll edilib. Aparılan işlər nəticəsində sinif otaqları, emalatxanalar və inzibati hissələrdə istilik tam bərpa olunub və tədris prosesinin rahat şəraitdə davam etməsi təmin edilib. Yeni isitmə sistemi təhsilalanların sağlam və komfortlu mühitdə təhsil almasına, mühəndis-pedaqoji heyətin isə daha səmərəli fəaliyyətinə şərait yaradır.”-deyə, vurğulanıb.