AZ

Prezident İlham Əliyevin Slovakiyaya səfəri əməkdaşlığımız üçün böyük imkanlar yaradacaq ŞƏRH

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan Slovakiya münasibətləri uzun illərdi yüksələn xətlə inkişaf edir. Slovakiya ilə əməkdaşlığımız tarixə, bu günümüzün reallıqlarına və gələcək planlarımıza söykənir. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında qurulan əlaqələrin yeni strateji mərhələyə keçdiyini təsdiqləyən mühüm diplomatik hadisədir. Bu səfər yalnız protokol xarakteri daşımadı, həm də siyasi, iqtisadi, enerji, müdafiə və yüksək texnologiyalar sahəsində konkret əməkdaşlıq istiqamətlərini müəyyən etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

Bratislavada keçirilən görüşlərin həm ikitərəfli əlaqələrin real potensialını, həm də region üçün əməkdaşlığın yeni formatlarının əsasını qoyacağını deyən politoloq əlavə edib: "Slovakiyanın dövlət rəhbərliyi Azərbaycan Prezidentinin bu səfərini xüsusi vurğulayaraq və bunu “iki ölkə münasibətlərində mühüm dönüş nöqtəsi” adlandırdı. Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pellegrini arasında aparılan danışıqlarda Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin rolu, regional təhlükəsizlik məsələləri, Cənubi Qafqazda postmünaqişə dövrü çağırışları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları da geniş şəkildə müzakirə olundu.

Danışıqların əsas istiqamətlərindən biri enerji sahəsi oldu. Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin strateji hissəsinə çevrilib. Hazırda Azərbaycan qazı 14 ölkəyə nəql olunur və Slovakiya da bu sistemin daha fəal iştirakçısına çevrilməkdədir.

Rusiya-Ukrayna müharibəsinin yaratdığı vəziyyət səbəbi ilə qoca qitə ölkələri üçün enerji təhlükəsizliyi dövlət suverenliyi məsələsinə çevrilib. Ona görə Avropanın digər ölkələri kimi Slovakiya da enerji imkanlarından siyasi təzyiq vasitəsi kimi istifadə etməyən, etibarlı və sabit ölkə kimi Azərbaycanla əməkdaşlıqda maraqlıdır".

O bildirib ki, Slovakiya müdafiə sənayesi sahəsində Avropanın qabaqcıl ölkələrindən biridir. Səfər çərçivəsində müzakirə edilən əsas məsələlərdən biri də hərbi-texniki əməkdaşlıq idi. Tərəflərin maraq göstərdiyi istiqamətlər müasir müdafiə texnologiyalarının mübadiləsi, birgə istehsal imkanlarının araşdırılması və istehsal olunan məhsulların üçüncü ölkələrin bazarlarına çıxarılması kimi sahələri əhatə edir.

Səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında iqtisadi əlaqələrin daha sistemli şəkildə genişlənməsinə xidmət edir. Buraya kənd təsərrüfatı, qida təhlükəsizliyi, kiçik və orta biznes, sənaye, logistika və infrastruktur sahələrində əməkdaşlıq daxildir.

Azərbaycanın regional nəqliyyat layihələri dünyanın bir çox ölkələrində olduğu kimi Slovakiya üçün də böyük maraq doğurur. Xüsusilə Orta Dəhliz Çindən Avropaya uzanan ən qısa və təhlükəsiz marşrutlardan biri kimi Bratislava üçün strateji əhəmiyyət kəsb edir.

"Səfər zamanı təhsil, mədəniyyət və turizm kimi istiqamətlər də diqqət mərkəzində oldu. Tələbə mübadiləsi, ali məktəblər arasında əməkdaşlıq, mədəniyyət tədbirlərinin təşkili və turizm marşrutlarının artırılması haqqında razılıqlar əldə edildi. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri uzunmüddətli siyasi, iqtisadi və texnoloji əməkdaşlığımız üçün böyük imkanlar yaradacaq", - deyə Y.Hacızadə vurğulayıb.

Seçilən
117
1
azertag.az

2Mənbələr