AZ

Yağışlı havada qəzalar artır: Sürücülər nəyə diqqət etməlidir?- AÇIQLAMA

Yağışlı hava şəraitində nəqliyyat vasitələrinin hərəkəti sürücülər üçün daha riskli olur. Yolun sürüşkənliyi, görünüşün məhdudlaşması və gölməçələr sürücülər üçün idarəetməni çətinləşdirir. Bu zaman diqqətsizlik, sürət rejiminə düzgün əməl etməmək və avtomobilin texniki vəziyyətinə laqeyd yanaşmaq qəza riskini xeyli artırır. Hətta kiçik bir səhv digər sürücülərin və piyadaların təhlükəsizliyini təhdid edə, yol hərəkətində ciddi inzibati məsuliyyətlərə gətirib çıxara bilər. Ona görə də yağışlı havalarda diqqət və ehtiyatlılıq sürücülərin əsas prioriteti olmalıdır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Missiya.Az-a açıqlamasında bildirib ki, yağışlı hava şəraitində sürücülər “Yol Hərəkəti haqqında Qanun”un tələblərinə əməl etməli və sürət rejimini hava və yol şəraitinə uyğun seçməlidirlər:"Təəssüf ki, bəzi sürücülər yalnız yol nişanlarındakı sürət həddinə baxırlar və hava şəraitini nəzərə almırlar. Məsələn, yol gölməçə ilə doludursa və asfalt səthində artıq su varsa, 60 km/saat sürətlə hərəkət etmək həm digər sürücülərin üzərinə su sıçratmağa, həm görünüş dairəsinin məhdudlaşmasına, həm də piyadalar üçün təhlükəyə səbəb olur",-o qeyd edib.

Ekspertin sözlərinə görə, belə vəziyyət həm inzibati məsuliyyət yaradır (cərimə 40 manat), həm də qəza riskini artırır, çünki yağışlı yolda təkərlərin asfaltla yapışma əmsalı azalır və əyləc məsafəsi uzanır. Qanuna uyğun hərəkət etməklə sürücülər həm öz təhlükəsizliyini, həm də digər yol iştirakçılarının təhlükəsizliyini təmin etmiş olurlar.

"Avtomobilin texniki vəziyyətinə diqqət yetirmək də vacibdir. Sürücülər qış təkərlərinə keçid etməli, düzgün ara məsafəsi saxlamalı və salonun buğlanmaması üçün havalandırma sistemindən düzgün istifadə etməlidirlər. Bu sadə tədbirlər yağışlı hava şəraitində qəza riskini azaltmaq və sürüşü daha təhlükəsiz etmək üçün çox önəmlidir",- Elməddin Muradlı əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
71
missiya.az

1Mənbələr