Son günlər futbol ictimaiyyətinin əsas müzakirə mövzularından biri Qarabağ FK-nın Çempionlar Liqasındakı taleyini müəyyən edə biləcək həlledici qarşılaşmadır.
Komandanın göstərdiyi stabil oyun və ardıcıl nəticələr həm azarkeşlərdə, həm də futbol mütəxəssislərində böyük ümid yaradıb. Məhz belə bir məqamda qarşıdakı “Ayaks” oyunu diqqət mərkəzindədir.
Bu qarşılaşma ilə bağlı futbol mütəxəssisi Kənan Məstəliyev Bakıvaxtı.az-a fikirlərini bölüşüb və matçın əhəmiyyətini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, "Qarabağ" üçün bu qarşılaşma böyük əhəmiyyət daşıyır:
"Qələbə qazanılacağı təqdirdə komandanın xalı 10-a yüksələcək və bu nəticə tarix yazmaq üçün mühüm addım olacaq. Çempionlar Liqasının hazırkı mərhələsi göstərir ki, 10 xal əldə edən komandalar “play-off” mərhələsinə yüksəlmək şansı əldə edirlər".
Həmsöhbətimiz qeyd edib ki, doğma meydanda oynamaq əlavə üstünlükdür:
"Ümumilikdə, "Qarabağ"ın hazırkı forması və oyun potensialı komandanı matçın favoriti edir. Bununla belə, "Ayaks"ın çoxsaylı titullara sahib olması və təcrübəsi unudulmamalıdır. Klub daxilindəki problemlərə baxmayaraq, rəqibin hücuma meylli futbol nümayiş etdirəcəyi gözlənilir. Bu səbəbdən “Qarabağ”ın müdafiədə daha diqqətli olması vacibdir".
Kənan Məstəliyev bildirib ki, "Çelsi" ilə görüşdə tətbiq olunan taktiki yanaşmalar bu matçda da nəticə verə bilər. Onun proqnozuna görə, "köhlən atlar" qələbəyə daha yaxın tərəfdir:
“Düşünürəm ki, minimal hesabla da olsa, qələbə qazanacağıq. Proqnoz olaraq 2:1 demək mümkündür".
Əli Hüseynov