Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Son illər süni zəka alətləri süni mayalanmanın müalicəsində ən perspektivli embrionların müəyyən edilməsində həkimlərə dəstək verir. Buna baxmayaraq, mütəxəssislər bəzi etik narahatlıqların mövcud olduğunu vurğulayırlar.
Sherg.az xəbər verir ki, süni mayalanma kimi üsullar hər il dünyada milyonlarla ailənin övlad sahibi olmasına imkan yaradır. Lakin laboratoriyada yumurtanın sperm ilə döllənməsi yolu ilə embrionun yaradıldığı bu metodun uğur faizi yaş artdıqca xeyli dəyişir və aşağı düşür.
İlk süni mayalanma uşağının doğulmasından təxminən 50 il sonra Dr. Natali Massin AFP-yə açıqlamasında bildirib:
“Süni zəka daha yaxşı embrionları seçməyə və ən azı onların uşaqlığa tutunma potensialını qiymətləndirməyə kömək etmək üçün artıq buradadır”
Bəs süni zəka necə kömək edir?
Kamera vasitəsilə qeydə alınan embrionun forması, simmetriyasının vəziyyəti, hüceyrə bölgüsü kimi məlumatlar əvvəllər məhdud şəkildə istifadə olunurdu.
Lakin maşın öyrənməsi texnologiyaları sayəsində hazırlanan alətlər həkimlərin yerləşdirilmə şansı yüksək olan və ya gələcəkdə dondurularaq istifadə oluna biləcək embrionları daha düzgün seçməsinə imkan yaradır.
Bu yanaşma sayəsində anomaliyaları olan və aşağı düşüklə nəticələnmə ehtimalı yüksək embrionlar əvvəlcədən kənarlaşdırıla, bununla da ailələrin bahalı IVF cəhdlərinin sayı azalda bilər.
Süni zəka embriona müdaxilə etmədiyi üçün proses genetik dəyişiklik və “dizayn edilmiş körpə” kimi narahatlıqlarla birbaşa əlaqəli deyil.
Süni zəkaya əsaslanan alətlər yumurta toplama mərhələsindən əvvəl hormon inyeksiyalarının vaxtını və dozasını tənzimləməyə kömək edir, həmçinin sperm sayı az olan nümunələrdə sperm tapılma ehtimalını artırır.
Fransa Biyotibb Agentliyinin ART (yardımçı reproduktiv texnologiyalar) bölməsinin rəhbəri Ann-Kler Lepretr AFP-yə açıqlamasında bildirib ki, istifadə olunan alqoritmlərin düzgün məlumatlarla işləməsi üçün ciddi testlər aparılır.
Onun sözlərinə görə, ART proseduru həmişə ilk cəhddə nəticə vermədiyi üçün uğursuz cəhddən toplanan məlumatlar gələcəkdə hamiləlik şansını artırmaq üçün süni zəka modellərinə ötürülə bilər.
Lepretr hesab edir ki, bu cür “fərdiləşdirilmiş” dəstək uzun, mürəkkəb və psixoloji cəhətdən yorucu olan müalicə prosesində ailələrin emosional yüklənməsinin qarşısını almağa kömək edə bilər.
Bununla belə, bəzi mütəxəssislər bu yanaşmaya ehtiyatla yanaşır.
Avstraliyanın Monash Universitetinin biyoetika üzrə mütəxəssisi və mövzu ilə bağlı son araşdırmanın müəllifi Culian Koplin bildirir:
“Embrion seçimində süni zəkanın tətbiqi, kompüter alqoritmlərinin dünyaya hansı uşaqların gələcəyinə qərar verməyə başlaması deməkdir.”
Koplin deyir ki, bəzi xəstələr uşaqlarının taleyi ilə bağlı qərarın süni zəka tərəfindən verilməsinə əxlaqi baxımdan ciddi etiraz edə bilər:
“Buna görə də insanlar bu texnologiyanın istifadəsi barədə tam məlumatlandırılmalı və mümkün olduğu halda ondan imtina etmək hüququna malik olmalıdırlar.”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.