AZ

İt-pişik bəsləyənlərə xəbərdarlıq edildi – Ev heyvanları üçün şəxsiyyət vəsiqəsi almaq vacibdir?

Ev heyvanlarına diqqət və qayğı ilə yanaşmaq, onlara vaxtı-vaxtında qulluq etmək, gigiyenik davranışlara əməl etmək olduqca vacibdir. Bu, hər bir heyvansevər şəxsin, eləcə də ev heyvanı bəsləyənlərin bir nömrəli borcu olmalıdır.

Ancaq təəssüf ki, buna ciddi yanaşanların sayı olduqca azdır. Üstəlik, heyvanlara pasport almaq məsələsi də çox vacibdir. Bu, heyvan haqda ətraflı məlumatın əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bəs ev heyvanlarına pasportlar necə və kim tərəfindən verilməlidir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a heyvanlar üzrə mütəxəssis Samir Məmmədov danışıb.

“Ev heyvanları üçün şəxsiyyət vəsiqələrinin verilməsi artıq uzun müddətdir ki, mövcuddur.

Ev heyvanı saxlayan insanlar onları baytarlıq klinikalarına aparır və həmin heyvanlar üçün şəxsiyyət vəsiqəsi hazırlanır.

Bu sənəd xüsusilə ölkə xaricinə səyahət, uçuşlar zamanı tələb olunur.

Həm heyvanın sahibinə məxsus olduğunu təsdiqləyir, həm də onun sağlamlıq vəziyyəti, yəni peyvəndləmə və müayinələr barədə məlumat verir. Bu sənəddə baytar həkiminin imzası və möhürü ilə qeyd olunur ki, heyvan vaxtlı-vaxtında müayinələrə aparılıb və lazımi peyvəndlər edilib. Buna görə də şəxsiyyət vəsiqəsi olduqca vacibdir və hazırda bu xidmət aktiv şəkildə göstərilir.

Təəssüf ki, bir çox insan bu məsələni ciddiyə almır və laqeyd yanaşır. Halbuki bu, həm heyvanın sağlamlığı, həm də qanuni məsuliyyət baxımından çox önəmlidir.

Ev heyvanları üçün şəxsiyyət vəsiqəsi almaq vacibdir və bu xidmət lisenziyalı baytarlıq klinikalarında mövcuddur”, – ekspert vurğulayıb.

Seçilən
23
nocomment.az

1Mənbələr