AZ

Britaniyada pandemiya yardım proqramlarında 11 milyard funtluq dələduzluq aşkarlanıb

London, 10 dekabr, AZƏRTAC

Böyük Britaniyada pandemiya dövründə tətbiq olunan iqtisadi dəstək proqramlarında baş verən dələduzluq və səhvlər dövlət büdcəsində kifayət qədər maliyyə itkisinə səbəb olub.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, COVID-19 üzrə fırıldaqçılığa qarşı mübarizə komissarı Tom Heyhonun yekun hesabatına görə, hökumətin pandemiya dövründə həyata keçirdiyi işçilərin əməkhaqqı subsidiyası, “Eat Out to Help Out” və “Bounce Back Loan” kimi proqramlarda ümumilikdə 10,9 milyard funt sterlinq həcmində dələduzluq və səhv aşkarlanıb.

Hesabatda qeyd olunur ki, zəif hesabatlılıq, keyfiyyətsiz məlumatlar və düzgün tərtib edilməmiş müqavilələr əsas itki səbəbləridir. Bu vəsaitin yalnız 1,8 milyard funtunun geri qaytarıldığı, lakin qalan hissəsinin böyük ölçüdə bərpaedilməz olduğu bildirilir. Bununla belə, bəzi sahələrdə əlavə araşdırma və bərpa işlərinə sərmayə qoymağın hələ də məqsədəuyğun olduğu vurğulanır.

Sxemlərin tələsik hazırlanması, fırıldaqçılıq üzrə ekspertiza çatışmazlığı və hökumət departamentlərinin bir-birindən asılı olmayaraq proqramları sıfırdan yaratması fırıldaq riskini artıran əsas amillər kimi göstərilir. Hesabatda həmçinin qeyd edilir ki, pandemiya zamanı şəxsi qoruyucu vasitələrin (PPE) təchizatı sahəsində həyata keçirilən satınalmalar etimadsızlıq, fürsətçilik və mənfəətgüdən davranışlara şərait yaradıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
66
azertag.az

1Mənbələr